“…ÇÜNKİ BİZ ONUN ULDUZUNU ŞƏRQDƏ GÖRDÜK VƏ ONA İBADƏT ETMƏYƏ GƏLDİK…” Xristianların birliyi naminə dua görüşü
Xristianların birliyi naminə dualar həftəsi çərçivəsində yanvarın 25-də, müqəddəs həvari Pavelin Təhəvvülü Bayramı günü, Bakının müqəddəs Məryəm Ana kilsəsində, Azərbaycanda Kilsələr və xristian icmalarının rəhbərləri və nümayəndələrinin dua görüşü keçirilib.
Azərbaycanda Katolik Kilsəsinin apostol prefekti, Monsenyor Vladimir Fekete salamlama nitqində bu ilki dua liturgiyasının mətn və ayinin Yaxın Şərq Kilsələri Şurası tərəfindən hazırlanması haqda görüş iştirakçılarını məlumatlandırdı. Duaların leytmotivi kimi Şərqdən gələn müdriklərin Körpə Məsihə səcdə etməyindən bəhs edən Mattanın nəql etdiyi Müjdənin parçası, xüsusən Mt 2, 2: “Çünki biz Onun ulduzunu şərqdə gördük və Ona ibadət etməyə gəldik” misrarı seçilmişdir. Bu ulduz çoxdan gözlənilən ümid əlamətidir ki, müdriklər və onlardan sonra yer üzünün bütün xalqlarını Həqiqi Padşahın və Xilaskarın Təcəssüm etdiyi yerə aparır.
“Koronavirus pandemiyasının, eləcə də ölkələr və xalqlar arasında münasibətlərdə böhranların, yeni müharibələr təhlükəsinin, iqtisadi və sosial problemlərin həyatımızın vərdiş etdiyimiz təməllərini sarsıtdığı bu dövrdə, bizi bir-birimizdən uzaq salan bu çətin zamanda biz imanı qorumağa və vəhdətə çağrılmışıq və bu çətinliklərə saleh Əyyubun həlimliyi ilə cavab verərək, özümüzü Allaha “Mən qulluq etməyəcəyəm” deyən şeytanın üsyankar və təkəbbürlü ruhundan qorumalıyıq… Hər birimizin həyatında bizi Məsihə aparan “Bet-Lexem Ulduzu” bir dəfə parlayıb. Biz bu işığı yalnız özümüz üçün saxlaya bilmərik, əksinə, bir zaman Məsihə iman işığı ilə nurlanan biz, həmin işığa xoş nümunəmizlə şəhadət etməliyik…” -, deyə mons. Vladimir Fekete öz çıxışında çağırış etdi.
Dua görüşündə Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının yeparxiya Şurasının katibi protoiyerey Mefodiy Əfəndiyev, Bakıdakı Yevangelist Lüteran Kilsəsinin pastoru Qottard Lemke, Azərbaycan Bibliya Cəmiyyətinin sədri Rasim Xəlilov, Alban-Udi Xristian icmasının sədri Robert Mobili ölkənin xristian icmalarının rəhbərləri və nümayəndələri iştirak etmişlər.
Görüşün sonunda qardaşlıq süfrəsi verilib.