DÖVLƏT KOMİTƏSİNİN SƏDRİ “MÜQƏDDƏS TEREZA ANA” ŞƏFQƏT EVİNİN FƏALİYYƏTİ İLƏ TANIŞ OLUB
15.04.2025
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin MəmmədovAzərbaycanda Katolik Kilsəsinin Apostol Prefekturasının nəznindəki Müqəddəs Kəlküttalı Tereza (Tereza Ana) Şəfqət Evini ziyarət edib və sığınacağın fəaliyyəti ilə tanış olub.
Şəfqət evində ali qonağı Azərbaycanda Katolik Kilsəsinin apostol prefekti yepiskop Vladimir Fekete və müqəddəs Kəlküttalı Tereza Ordeninin Azərbaycan üzrə baş rahibəsi Rafaella (MC) qarşılayıblar.
Yepiskop Vladimir Fekete Dövlət Komitəsinin sədri Ramin Məmmədova dünyada Tereza Ana kimi tanınan müqəddəs Kəlküttalı Terezanın həyatı, onun yaratdığı və uzun illər rəhbəri olduğu “Şəfqət Bacıları” rahibələr ordeninin xeyriyyəçilik fəaliyyəti, Bakıda “Tereza Ana” şəfqət evinin tarixi haqqında ətraflı məlumat təqdim edib.
Dövlət Komitəsinin sədri R. Məmmədov tolerantlığın və multikultural dəyərlərin qorunması və təşviqi, əsası ümumilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət siyasətinin əsas istiqamətlərindən birinin olduğunu vurğulayıb. R. Məmmədov cəmiyyətdə ehtiyacı olanlara təmənnasız xidmət kimi yüksək mənəvi dəyərlərin bərqərar olmasında “Tereza Ana” Şəvqət Evinin fəaliyyətini yüksək qiymətləndirib.
Yepiskop Vladimir Fekete Azərbaycan Dövlətinə katolik icmasının ehtiyaclarına göstərdiyi diqqətə və ölkədə dini icmaların azad fəaliyyəti və müxtəlif konfessiyaların nümayəndələrinin dinc yanaşı yaşaması üçün yaradılan şəraitə görə dərin minnətdarlığını bildirib. Azərbaycan katoliklərinin başçısı tolerantlıq və multikulturalizm siyasətinin həyata keçirilməsində Dövlət Komitəsinin rolunu xüsusi qeyd edib və Komitənin rəhbərliyinə və əməkdaşlarına Katolik Kilsəsinin Azərbaycandakı Apostol Prefekturası ilə səmərəli əməkdaşlığa görə təşəkkür edib.




