«DÜNYANI TƏQDİS ETMƏK – BİZİM MİSSİYAMIZ, İNSAN OLMAQ – ÇAĞIRIŞIMIZDIR» yepiskop Vladimir Fekete-nin Milad gecəsi möizəsi, 2023

Əziz bacılar və qardaşlar,

Budur, Milad bayramı gəldi! Rəbb körpə uşaq kimi doğuldu, Uca Allah bizimlə olmaq üçün kiçildi, Əqdəs və Pak Olan günahkarlar dünyasına endi. Milad hadisəsində biz nə qədər paradoks kəşf edirik! Bəli, Milad imanımızda qarşılaşdığımız paradoksları bizə açıqlayır. Bugünkü oxunuşlar üzərində düşünərkən bu paradokslardan üçünü vurğulamaq istərdim.

Birincisi: işıq və qaranlıq. Birinci oxunuş bu sözlərlə başlayır: “ Zülmətdə yaşayan xalq möhtəşəm bir işıq gördü. Ölüm kölgəsi diyarında məskunlaşanların üzərinə nur doğdu”. Rəbbin Mövludu şəxsi və ictimai yolumuza, icmamızın, Kilsənin və bütün bəşər ailəsinin yoluna işıq salır. Bu, doğrudan da, boyunduruğumuzu qıran böyük bir Nurdur: şəxsi zəifliklərimizin boyunduruğunu, başqalarının təkəbbürü və laqeydliyi ucbatından bu qədər insanın əzablarının boyunduruğunu; son illərdə yaşadığımız qlobal böhranın yaratdığı boyunduruğuni qıran Nur. Çiyinlərimizdən  yük –  keçmiş uğursuzluqlarımızın yükü, məsuliyyətlərimizin ağırlığı, cəmiyyətdə və Kilsədə baş verən qalmaqalların acılığı yükü götürüləndə, yolumuzun qaranlığında həqiqtətən işıq parlayır. Ancaq Milad bizə həm də onu öyrədir ki, Onun işığı qaranlığı tamamilə ləğv etmir. Həyatımızdakı qaranlıq vəziyyətlər Rəbbin hüzurunda yox olmur. Əksinə, bu işıq yolumuzun qaranlıq hissələrinə işarə edir. Mələk deyir ki, Rəbb bizimlədir, bu Körpə – Emmanueldir – “Bizimlə olan Allahdır”.  Lakin biz tez-tez “Allah haradadır?” deyə soruşuruq, özümüzü Rəbb tərəfindən tərk edilmiş hiss edirik. Milad bizə Allahın yaxın olduğunu bildirir, Rəbb daim bizə deyir: “Mən sizinləyəm”. Biz izə çox vaxt Onun üzünü görmədən və səsini eşitmədən Onu axtarırıq.

Bu, Allahın müqəddəs paradoksudur və bununla yaşamaq üçün biz təvazökar və həlim olmalıyıq. İmanımız hər şeyin həmişə aydın və dəqiq olacağına zəmanət vermir. Allah həm işıqda, həm də qaranlıqda gizlənir. Milad imanı bizə hələ də həm işıq anlarını, həm də qaranlıq anlarını yaşadığımız bir səyahətdə olduğumuzu xatırladır. Xristian təvazökarlığı bütün suallara hazır cavablar almaq istəyən “dini triumfalizmə” qarşıdır.

İkinci paradoks böyüklük və sadəlik. İncildə mələk çobanlara uca səslə deyir: ” Bu gün Davudun şəhərində sizin üçün Xilaskar doğuldu. Bu, Rəbb Məsihdir. Sizə əlamət bu olacaq: axurda yatan bələnmiş Körpə tapacaqsınız». Rəbbin əzəməti təhlükəsizliyimizin təminatıdır, lakin bu böyüklük bizə qərib yollarında olan bir ailənin övladında, bütün zəiflik və kövrəklik əlamətlərinə malik olan körpədə aşkar edilir. Böyüklük bizi Allahın bolluğu haqqında düşünməyə vadar edir, lakin Beytlehemdə böyüklük yoxsulluqla təmsil olunur. Milad bizi bütün yoxsul insanlarda və həyatın sadə hadisələrində böyüklük görməyə təşviq edir. Milad həm də bizə Allahımızın sadəlik Allahı olduğunu göstərir. Allah həmişə özünü kiçik edir, çünki Allah Sevgidir, sevginin mahiyyəti isə sadəlikdir, başqalarına daha çox vermək üçün kiçikləşmək bacarığıdır.

Bu paradoksda yaşamaq üçün cəsarət lazımdır. Allahın etdiyi kimi etmək, yəni başqalarına əl uzatmaq üçün özümüzdən imtina etmək, böyüklüyümüzdən, özümüzü rahat və təhlükəsiz hiss etdiyimiz məkandan çıxmaq üçün cəsarət tələb olunur. Cəsarət başqalarının, xüsusən də kiçik və sadələrin yaşaya bilməsi üçün hər şeyi riskə atmaq deməkdir.

Üçüncü paradoks ilahilik və adilik. Müqəddəs Pavel Titusa məktubunda yazır: “Allahın bütün insanlara xilas gətirən lütfü zühur etdi“. İsanın Mövludu göstərir ki, Allah bəşər tarixindən müstəqil bir tarix yaratmayıb; lütf bizim dünyamızdan ayrı bir reallıq deyil. Allah bizim tariximizə daxil oldu; İlahilik dünya tarixinə bu dünyanı daxildən çevirmək üçün yerləşdirilir. Dünyamız bütün natəmizliyi ilə –  yenə də  Allahın məkanıdır, Onunla görüşə biləcəyiniz və özünüzü Ona həsr edə biləcəyiniz yerdir. Kişi və qadın Allahın nəzərində o qədər dəyərlidilər ki, Allahın Özü bizdən biri olmağa qərar verdi. Ona görə də özümüzü bu dünyanın təqdis olunmasına həsr  etmək – bizim missiyamız, insan olmaq isə çağırışımızdır. Allahın Özü kimi biz də bu dünyanı və bütün bəşəriyyəti qəbul edirik və Rəbblə birlikdə onları dəyişdiririk.

Bu paradoks üçün həmrəylik içində yaşamaq vacibdir. Həmrəylik –  başqalarına yaxınlığınızı göstərmək, həyat yolunda bir yerdə addımlamaq, daha çox insaniyyət göstərmək, bir-birimizi dəstəkləmək, bir-birimizi ruhlandırmaq deməkdir.

Gəlin Körpə İsadan təvazökar, cəsarətli və həmrəy ola bilmək üçün Onun xüsusi xeyir-duasını diləyək!