EVXARİSTİYA BAYRAMI

Qan Tək. 8, 2-3. 14b-16a
Musa dedi: Allahınız Rəbbin sizi qırx il səhrada gəzdirdiyi uzun səyahəti yada salın. Bunu ona görə etdi ki, qürurunuzu qırsın və sizi sınaqdan keçirərək ürəyinizdəkini öyrənsin; görsün ki, siz Onun əmrlərinə əməl edəcəksiniz ya yox. Təkəbbürünüzü sındırmaq üçün sizi ac qoydu, sonra isə nə sizin, nə də atalarınızın gördüyü manna ilə sizi qidalandırdı. Bununla göstərdi ki, insan yalnız çörəklə deyil, Rəbbin ağzından çıxan hər bir kəlmə ilə yaşaya bilər. Diqqət edin ki, sizi Misir torpağından – köləlik diyarından çıxaran Allahınız Rəbbi unutmayasınız.
Rəbb sizi o böyük və qorxunc səhrada, zəhərli ilan və əqrəblərlə dolu olan o susuz şoran torpaqlarda gəzdirdi, sizə sərt qayalardan su çıxartdı. Sizi atalarınıza məlum olmayan manna ilə qidalandırdı.
Z 147, 12-13. 14-15. 19-20
Nəqarat: Ey Yerusəlim, Rəbbi mədh et! Ey Sion, Allahına həmd et!
Ey Yerusəlim, Rəbbi mədh et! Ey Sion, Allahına həmd et!
Çünki darvazalarının cəftələrini bərkidər, sənin əhalinə bərəkət verər.
Sərhədinə əmin-amanlıq, sənə doyunca əla taxıl yetirər.
Kəlamını yer üzünə yollar, Onun sözü tez yayılar.
O, Yaqub nəslinə sözlərini, İsraillilərə qanun və hökmlərini bildirir.
Başqa millətlər üçün belə etməyib, heç birinə hökmlərini bildirməyib. Rəbbə həmd edin!
1 Kor 10, 16-17
Şükür etdiyimiz şükran kasası Məsihin qanına şəriklik deyilmi? Böldüyümüz çörək Məsihin bədəninə şəriklik deyilmi? Madam ki, çörək birdir, deməli çox olan bizlər də bir bədənik; çünki hamımız bir çörəkdən pay alırıq.
Yəh 6, 51-58
Mən göydən enmiş olan, həyat bəxş edən çörəyəm; əgər bir adam bu çörəkdən yeyərsə, əbədi yaşayacaqdır. Dünyanın həyatı üçün verəcəyim çörək də Öz ətimdir.» Buna görə də yəhudilər: «Bu Adam yemək üçün Öz ətini bizə necə verə bilər?» – deyə bir-biriləri ilə mübahisə etməyə başladılar. İsa isə onlara dedi: «Sizə doğrusunu, doğrusunu deyirəm: İnsan Oğlunun ətini yeyib, qanını içmədikcə, daxilinizdə həyat olmaz. Mənim ətimi yeyib, qanımı içənin əbədi həyatı vardır; Mən də onu son gündə dirildəcəyəm.
Çünki Mənim ətim həqiqi qida və qanım həqiqi içkidir. Mənim ətimi yeyib, qanımı içən Məndə yaşar və Mən də onda.
Diri olan Ata Məni göndərdiyi, Mən də Ata vasitəsi ilə yaşamaqda olduğum kimi, Məni yeyən də Mənim vasitəmlə yaşayacaqdır.
Bu, göydən enmiş çörəkdir, atalarınızın yediyi manna kimi deyildir. Onlar öldülər; bu çörəyi yeyən əbədi yaşayacaqdır.»