FATİMALI ALLAH ANASININ HEYKƏLİ AZƏRBAYCANA GƏLDİ

15 oktyabr 2022-ci il, şənbə günü,  diplomatik müşavir monsenyor Cüzeppe Laterzanın başçılıq etdiyi Müqəddəs Taxt-Tacın Gürcüstandakı apostol nunsiaturasının (səfirliyinin) nümayəndə heyəti, nunsiaturanın avtomobilində çox qiymətli yüklə – Fatimalı Allah Anasının  mübarək heykəli ilə Azərbaycanın paytaxtına gəldi.

Heykəl Müqəddəs Məryəm kilsəsinə gətirilib və burada onu Azərbaycanda Katolik Kilsəsinin apostol prefekti, yepiskop Vladimir Fekete həzrətləri, keşişlər, rahiblər və Azərbaycanın katolikləri qarşılayıblar.

Heykəli təqdis etdikdən sonra yepiskop Vladimir Fekete imanlılara müraciət edərək, bu sevincli hadisənin ölkənin katoliklərinin mənəvi həyatı üçün əhəmiyyətini vurğulayıb, həmçinin xristianların bütün nəsillərinə ünvanlanan Müqəddəs Məryəmin İncildəki “İsa sizə nə desə, edin” (Yəhya 2:5) çağırışını xatırlatdı.

Sonra heykəl təntənəli şəkildə kilsəyə gətirildi və kilsənin altar hissəsində yerləşdirildi.