FATİMALI ALLAH ANASI HEYKƏLİNİN AZƏRBAYACA GƏLİŞİ: YEPİSKOP VLADİMİR FEKETE HƏZRƏTLƏRİNİN İMANLILARA MƏKTUBU

AZƏRBAYCANDA KATOLİK KİLSƏSİNİN APOSTOL PREFEKTTİ,

YEPİSKOP VLADİMİR FEKETE HƏZRƏTLƏRİNİN

FATİMALI ALLAH ANASI HEYKƏLİNİN AZƏRBAYACA GƏLİŞİ MÜNASİBƏTLƏ

YERLİ KİLSƏNİN BÜTÜN İMANLILARINA

MƏKTUBU

 

Əziz bacılar və qardaşlar,

Bir çoxunuzun bildiyi kimi, 1917-ci ildə Katolik Kilsəsinin həyatında xüsusi bir hadisə baş verdi – Allah Anası Özü Portuqaliyanın Fatima şəhərində Jasinta, Lusia və Fransişko adlı üç uşağa göründü və onların vasitəsilə dünyanı tövbəyə və günahkarların pis yollardan çəkinib imana gəlməsi üçün Müqəddəs Rozari duasını etməyə çağırdı.

Fatima zaman keçdikcə hər il milyonlarla möminin səfər etdiyi məşhur ziyarət yerinə çevrildi. Hər kəsin belə bir ziyarəti etmək imkanı olmadığı üçün son onilliklərdə Fatima yepiskopunun qərarı və xeyir-duası ilə Fatimalı Məryəm Ananın heykəli dünyanın müxtəlif yerlərini gəzir ki, onun yaxınlığı imanın yenilənməsinə,  xristian icmalarında tövbə ruhunun və Müqəddəs Rozari duasının canlanmasına kömək etsin.

Bu, Məryəm Ananın Ali Missiyasına tamamilə uyğundur: Məryəm hər zaman Onun Oğlu, Rəbbimiz İsa Məsihi daha yaxşı tanımağa, Onun Kəlamını və Özünü qəbul etməyə və beləliklə, Allaha və insanlara xidmətdə öz həyatımızın mənasını tapmağa bizə kömək edir.

Müqəddəs Taxt-Tacın Gürcüstandakı səfiri arxiyepiskop Xose Bettenkurun təşəbbüsü ilə bu ilin oktyabr ayında Fatimalı Məryəm Ananın heykəli Qafqaz regionuna səfər edəcək. Hər şey plana uyğun getsə, heykəl oktyabrın 15-dən 20-dək apostol prefekturamızda olacaq.

Koronavirus pandemiyası və müharibələr ilə seçilmiş tarixin bu çətin dövründə, bu bütün region üçün, xüsusən də Azərbaycandakı kiçik xristian icmamız üçün föqvəladə bir hədiyyə və Məryəm Anaya olan ehtiramımızı dərinləşdirmək və imanımızı gücləndirmək üçün gözəl bir imkandır.

Məktubumda sizə Fatimalı Məryəm Ananın heykəlinin apostol prefekturamıza gəlişinə daha yaxşı hazırlaşmağımıza və bu xeyirdualı zamandan özümüz və Yerli Kilsəsimiz üçün mənəvi faydalar əldə etməyimizə kömək edə biləcək üç təklif təqdim etmək istərdim:

  1. Oktyabr ayı ənənəvi olaraq Müqəddəs Rozari duasına həsr olunur. Bu duada Allahı Anası bizə İsa Məsihin həyatının sirlərini daha yaxşı anlamağa kömək edir. Beləliklə, gəlin bu gündən başlayaraq hər gün təkbaşına və ya kiçik bir icmada Rozari-nin bir hissəsini dua edək. Bu, bizim şəxsi tövbəmizin ifadəsi ola bilər və eyni zamanda, ürəyimizi Məryəm Ananın şəfaəti ilə Allahın bizə bəxş etmək istədiyi  lütflərə hazırlaşdırmaq imkanı ola bilər.
  2. Dünyamız çoxlu münaqişələr və müharibələr ilə yaralanıb. Allah Anası Fatimənin üç balaca çobanından sülh və günahkarların iman gətirməsi üçün dayanmadan dua etməyi xahiş etdi. Bəzən bizə elə gələ bilər ki, duamız əbəsdir. Ancaq bu bir səhv və şeytanın bir vəsvəsəsidir! Heç bir dua əbəs və ya faydasız deyildir. Yalnız möminlərin Allahdan rəhmət diləyən duaları dünyanı məhv olmaqdan qoruyur. Buna görə də gəlin Ukraynada, ölkəmizdə və dünyanın digər yerlərində sülh üçün fərdi və brilikdə edilən duada hər şövqlü olaq.
  3. Fatimadaki zühurlarla əlaqədar olaraq, Allah Anasının uşaqlara açdığı sirlərdən tez-tez danışırlar. Bu sirrlər peyğəmbərliklərdir, yəni gələcəkdən xəbərlərdir və bizə Allahın Öz xilasını bu gün necə həyata keçirmək istədiyini anlaya bilmək üçün verilir. Həm mənim, həm də sizin ürəyinizdə gələcək üçün qərarlar verməmizi tələb edən çoxlu suallar və problemlər var. Onları duada Allahı Anasına etibar edin və bu vacib qərarları Onunla birlikdə qəbul edin! Qərarlarınızı gizli saxlayın, qoy onlar Fatimalı Məryəmin sizə verdiyi sirr olsun: bundan heç kim bilməyəcək, amma Kilsə və ailəniz onun xoş bəhrəsini görəcəklər… “Və gizlində görən Atanız, sizi mükafatlandıracaq” (Mat. 1 -6,16-18).

Əziz bacılar və qardaşlar, Allah Mübarək Məryəmə Oğlunun bu dünyaya gəlişində Onunla əməkdaşlıq etməyi nəsib etdiyi kimi, bizim xilasımız işində və Kilsənin missiyasını genişləndirməkdə də bizdən Onunla əməkdaşlıq edəcəyimizi gözləyir. Gəlin Qafqaza və şəhərimizə Fatimalı Məryəm Ananın mübarək heykəlinin gəlişi xeyirduasından şəxsi iman həyatımızı dərinləşdirmək üçün istifadə edək ki, pandemiya zamanı içimizdə zəifləyən və bəlkə də solmuş olan xeyirxahlıq yenidən çiçəklənsin və bol bəhrəsini versin!

Mən sizin hər birinizi, ailələrinizi, prixodlarınızı və dua icmalarınızı Müqəddəs Məryəmin bu yüksək ehtiram edilən surətinin gəlişinə hazırlaşmağa çağırıram.

Qoy bu görüş hamımızın bayramına, bizi Sevən və Sevilən Ana ilə görüşə çevrilsin!

Fatimalı Məryəm Ananın şəfaəti ilə Allah hamımızı qorusun!

 

Sizin yepiskopunuz Vladimir Fekete SDB

Bakıda, 02 oktyabr 2022-ci il