FATİMALI ALLAH ANASI HEYKƏLİNİN AZƏRBAYCANA GƏLİŞİ ŞƏRƏFİNƏ TƏNTƏNƏLİ MÜQƏDDƏS MESSADA YEPİSKOP VLADİMİR FEKETE-NİN MÖİZƏSİ, 16 OKTYABR 2022-Cİ İL
Əziz İsa Məsihdə olan bacı və qardaşlar!
Sizin hamınızı bazar günü ibadətində ürəkdən salamlayıram, çünki biz Rəbbimizin şagirdləri olaraq bir mənəvi ailəni təşkil ediri!
Mən həmçinin bu gün kilsəmizi ziyarət etmək qərarına gələn və dua sevincini bizimlə bölüşən bütün əziz qonaqlarımızı ürəkdən salamlayıram! Ola bilsin ki, siz başqa dindənsiniz; və ya əqidəniz qeyri-dinidir, bəlkə də mənəvi axtarışdasınız və əlbəttə ki, xristian ibadətində baş verənlər sizə qəribə gələ bilər. Sizə “xoş gəldiniz” demək istərdim, çünki siz qəlbinizin həqiqi rahatlıq tapa biləcəyi və sizi narahat edən həyat suallarına və problemlərinə Uca Allahın hüzurunda cavab tapa biləcəyiniz Allahın evindəsiniz.
Bu günlərdə Cənubi Qafqazın Katolik Kilsəsi qeyri-adi lütf dövrünü yaşayır. Dünən biz kilsəmizdə xüsusi hədiyyəni – Məryəmin mübarək surətini – Portuqaliyadan olan və yüz ildən artıqdır ki, möminlər tərəfindən ehtiramla edilər Fatimalı Bakirənin heykəlini qəbul etmək fürsəti əldə etdik. Hər kəs Fatimanı ziyarət edə bilmədiyi üçün bu mübarək heykəl onun burada bizim aramızda olması ilə imanımızı və ümidimizi dirçəltmək üçün bizə, Azərbaycana gəldi.
İndi də, yüz il əvvəl olduğu kimi, Allahın Anası bütün yaxşı niyyətli insanları Onunla birlikdə dua etməyə və daha çox səylə barışıq və qarşılıqlı bağışlanma yollarını axtarmağa dəvət edir.
Yüz il əvvəl, Fatimada Məryəm Ananın zühuru zamanı Birinci Dünya Müharibəsi bütün dünyada gedirdi və milyonlarla insanın həyatına so qoyurdu.
Təəssüf ki, bu gün də yer kürəmizin bir çox yerində müharibə alovu hələ də davam edir. Xalqlar şeytani hiylələrə qapılıb, sülh və əmin-amanlıq içində yaşaya bilmirlər: şəhərlər dağılır, gənc əsgərlər və günahsız dinc sakinlər ölür.
Papa Fransisk son illərdə tez-tez deyirdi ki, planetin bir çox yerində gedən münaqişələrdə gizlənmiş Üçüncü Dünya Müharibəsi əslində artıq başlayıb. Və görünən odur ki, bu qardaş qırğınının, günahsızların iztirablarının qarşısını ala biləcək heç bir qüvvə yoxdur.
Mübahisələrin sülh yolu ilə həlli yollarını axtarmaq, xalqlarını əfv, barışıq və əməkdaşlıq yolu ilə aparmaq siyasətçilərin və hökmdarların xüsusi vəzifəsidir.
Biz xristianlar dünyaya daim xatırlatmalıyıq ki, zorakılıq daha çox zorakılıq doğurur və sülhə silah vasitəsilə nail olmaq mümkün deyil, onu ancaq şəxsi tövbə, bağışlama və barışıq yolu ilə əldə etmək olar.
Amma özümüzün buna inanması və başqalarını da buna təşviq etmək üçün mütəmadi və israrla dua etməyimiz gərəkir.
Bugünkü Müqəddəs Yazılar bunu çox aydın şəkildə söyləyir.
Birinci oxunuşda, Musanın artıq əllərini ucaldaraq dua edə bilməməsinii və köməkçiləri Harun və Horun duada ona necə kömək etdiyini görürük.
İncildə isə Rəbb İsa yoxsul dul qadının və onun işinə baxmaq istəməyən pis hakimin hekayətində israrlı duaya ehtiyac olduğunu açıq şəkildə qeyd edir. Dəfələrlə rədd edilməsinə baxmayaraq, yazıq dul qadın öz günahı olmadan qarışdığı və haqsız yerə əziyyət çəkdiyi mübahisədə dəfələrlə hakimin yanına gəlir. Uzun müddətdir ki, hakim onun taleyinə biganə qalır. Nəhayət, onda nəsə oyanır və hakim ona kömək etmək qərarına gəlir. İsa bizi davamlı dua etməyə təşviq etmək üçün bu insan hekayəsindən istifadə edir. Bəzən biz də şübhə edirik ki, Allah dualarımızı eşidirmi, bizimlə maraqlanırmı, çünki O, sanki dualarımızı qəbul etmir və bizə kömək etmir. Ancaq bu, yalnız bizə elə görünür.
Bizim insan zəifliyimiz və səbirsizliyimiz hətta Rəbb Allaha nə vaxt və necə müdaxilə edəcəyini diktə etmək istəyir.
İsa bizə deyir ki, İncildəki yoxsul dul qadın kimi səbirlə və hər şeydən əvvəl etibarla silahlanaq. Allah məsəldəki laqeyd hakimdən misilsiz dərəcədə yaxşıdır. Yenə də, əgər O tələsmirsə, biz inanmalıyıq ki, O, hər şeyə nəzarət edir və sonda hər şey bizim təsəvvür etdiyimizdən daha yaxşı olacaq.
Bu utopiya deyil. Bu, bütün dünyada və bütün nəsillərdə imanlıların gündəlik təcrübəsidir. Allahı üstələmək və utandırmaq olmaz. Biz Ona güvənsək, O, bizim mənəvi yaxşılığımız və böyüməmiz üçün hətda möcüzələr yaradacaq. Lakin Müjdə İsanın sualı ilə bitir: Bəşər Oğlu gələndə yer üzündə iman tapacaqmı?
Bu, hər birimizdən asılıdır. İnamı özümüzdə saxlayıb-saxlamamağımız, onu övladlarımıza, nəvələrimizə ötürə bilməyəcəyimiz hər birimizdən asılıdır. Kilsənin də, və eyni zamanda bizim hər birimizin bir tapşırığı var: bütün insanlara, xüsusən də Məsihi ümumiyyətlə tanımayanlara Müjdəni çatdırmaq.
Ey, Müqəddəs Məryəm Ana, bu günlərdə bütün dünyada və insanların qəlbində sülhün bərqərar olması üçün daha böyük şövqlə dua etməkdə bizə kömək et. Oğlun İsanı daha yaxşı tanımağa və həyatımız və sözlərimizlə Ona şəhadət etməyə bizə kömək et. Ey Sülhün Mələkəsi, bizim üçün dua et ki, müharibələr dayansın, insanlar sülh və əməkdaşlıq içində qardaş və bacı kimi yaşaya bilsinlər. Amin.