Heydər Əliyev Fondu Müqəddəs Məryəm katolik kilsəsində bərpa işlərini yekunlaşdırıb
Müqəddəs Məryəm katolik kilsəsi 2007-ci ildə, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən zati-müqəddəsləri roma papası II İohann Pavelin Azərbaycana səfəri zamanı Bakının katolik icmasına bağışlanan ərazidə tikilmişdir.
2008-ci ildə kilsənin rəsmi açılış mərasimi keçirilmişdir. Mərasimdə Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Tarçizio Bertone, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva, dini icmaların rəhbərləri, diplomatik korpusun nümayəndələri, ölkənin ictimai xadimləri iştirak etmişdir.
Müqəddəs Məryəm kilsəsi ölkəmizin katolik icmasının dini həyatının mərkəzi, çoxmillətli və çoxkonfessiyalı Azərbaycan cəmiyyətinin mənəvi ocaqlardan biri olmaqla yanaşı, paytaxt qonaqlarının diqqətini cəlb edən əlamətdar məkandır.
Vaxt keçdikcə məbədin dam örtüyünün hidroizolyasiyasının korlanması səbəbindən dam örtüyündə çoxsaylı çatlar əmələ gəlib və bu da məbədin damının sızmasına səbəb olub, daxili bəzəyinə ciddi ziyan vurmuşdur.
Dam örtüyünün təcili təmirə, zədələnmiş səthlərin və məbədin daxili məkanının elementlərinin bərpasına ehtiyac yaranmışdır.
Təmir işlərinin təşkilində və aparılmasında Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu müstəsna və hərtərəfli köməklik göstərmişdir.
İş ən qısa müddətdə peşəkarcasına yerinə yetirilmişdir.
Kilsədə təmir-bərpa işlərinin başa çatması münasibətilə Azərbaycanda Katolik Kilsəsinin apostol prefekti, yepiskop Vladimir Fekete Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya təşəkkür məktubu göndərib.
Qeyd edək ki, bundan əvvəl Heydər Əliyev Fondunun maliyyə və təşkilati dəstəyi ilə kilsədə Müqəddəs Ruhun Enməsi səhnəsini əks etdirən vitraj pəncərələr və “Məryəm Ananın Rozarisi” katolik duasını simvolizə edən keramik panno quraşdırılmışdır.