İSA MƏSİHİN VƏFTİZİ C ili

Yeşaya 42, 1-4. 6-7

Budur, Mənim saxladığım, Ürəyim istəyən seçilmiş qulum! Mən Öz Ruhumu onun üzərinə qoymuşam. O, millətlərə ədalət gətirəcək. Çığırmayacaq, səsini qaldırmayacaq, küçələrdə səsi çıxmayacaq, əzilmiş qamışı qırmayacaq, közərən piltəni söndürməyəcək. O, ədaləti sədaqətlə yayacaq.

O, yer üzündə ədaləti quranadək ümidini, cəsarətini itirməyəcək, uzaq diyarlar onun qanununa etibar edəcək.

Mən Rəbb salehliyimlə səni çağırdım, səni əlindən tutacağam, səni qoruyacağam, səni xalqım üçün əhd edəcəyəm, millətlərə nur edəcəyəm ki, korların gözlərini açasan, zindandan dustaqları, zülmətdə, həbsxanada oturanları azad edəsən.

Zəbur 29 (28) 1-4, 9-10

Nəqarat: Rəbb Öz xalqına qüvvət verir.

Ey ilahi varlıqlar, Rəbbə verin – izzəti, qüdrəti Rəbbə verin!

Adına layiq olan izzəti Rəbbə verin, müqəddəslik zinəti ilə Rəbbə səcdə edin!

Rəbbin səsi suların üzərindədir, ehtişamlı Allah gurlar, Rəbb ümman suların üzərindədir.

Rəbbin səsi qüdrətlidir, Rəbbin səsi əzəmətlidir,

Məbədində hamı deyər: «Ehtişamlısan!»

Rəbb daşan sular üstündəki taxtında oturub, O, əbədi Padşahdır, taxtında oturub.

Həvarilərin İşləri 10, 34-38

Peter də ağzını açıb dedi: «Doğrudan da dərk edirəm ki, Allah insanların kimliyinə baxmaz. Amma hər xalqdan olub, Ondan qorxan və haqq iş görən Ona məqbuldur. O, İsrail oğullarına kəlamını göndərdi, hamının Rəbbi olan İsa Məsih vasitəsi ilə sülh müjdələdi.

Yəhyanın təbliğ etdiyi vəftizdən sonra, Qalileyadan başlayaraq, bütün Yəhudeyada nə baş verdiyini bilirsiniz: Allahın Nazaretli İsanı, Müqəddəs Ruh və qüdrət ilə necə məsh etdiyini, Onun yaxşılıq edərək, iblisin istibdadı altında olanların hamısına şəfa verib, dolaşdığını bilirsiniz. Çünki Allah Onunla bərabər idi.

və ya: Titə 2, 11-14; 3, 4-7

Allahın bütün insanlara xilas gətirən lütfü zühur etdi. Bu lütf bizə allahsızlığı və dünyəvi ehtirasları rədd edib, bu dövrdə ağıllı-kamallı, saleh və möminliyə uyğun bir ömür sürməyi öyrədir. Bu ərəfədə bəxtiyarlıq gətirən ümidimizin gerçəkləşməsini, ulu Allah və Xilaskarımız İsa Məsihin izzətinin zühurunu gözləyək. O Özünü bizim üçün fəda etdi ki, bizi hər cür qanunsuzluqdan satın alsın, təmizləyib Özünə məxsus və yaxşı işlərə səy göstərən bir xalq yaratsın.

Amma Xilaskarımız Allah xeyirxahlığını və insana olan sevgisini açıq göstərdiyi zaman bizim salehliklə etdiyimiz əməllərlə deyil, Öz mərhəmətinə görə bizi xilas etdi. Bunu bizi yumaqla, yəni Müqəddəs Ruhun bizi yenidən doğuzdurub təzələməsi ilə etdi. Allah Xilaskarımız İsa Məsih vasitəsilə üzərimizə bol-bol Müqəddəs Ruhu tökdü ki, Onun lütfü ilə saleh sayılıb ümidimiz olan əbədi həyatın varisi olaq.

Lukanın müjdəsi 3, 15-16. 21-22

Xalq ümidlə gözləyirdi və hamı ürəyində Yəhya haqqında öz-özündən soruşurdu: «Görəsən bu, Məsihdirmi?» Yəhya onların hamısına belə cavab verdi: «Mən sizi su ilə vəftiz edirəm, amma məndən daha Qüdrətlisi gəlir. Mən Onun çarıqlarının bağını açmağa belə, layiq deyiləm. O sizi Müqəddəs Ruhla və odla vəftiz edəcək.

Bütün xalq vəftiz olunanda İsa da vəftiz olundu. O dua edərkən göy yarıldı, Müqəddəs Ruh bədəncə göyərçin şəklində Onun üzərinə endi. Göydən bir səda gəldi: «Sən Mənim sevimli Oğlumsan, Səndən razıyam».