“İŞTİRAKIMIZI MƏRYƏM ANANIN DUALARINA TAPŞIRDIQ” – Azərbaycandan olan zəvvarlar Portuqaliyada keçirilən XXXVII Dünya Gənclər Günündə

“İŞTİRAKIMIZI MƏRYƏM ANANIN DUALARINA TAPŞIRDIQ” – Azərbaycandan olan zəvvarlar Portuqaliyada keçirilən XXXVII Dünya Gənclər Günündə

Portuqaliyanın paytaxtı Lissabonda avqustun 1-dən 6-dək Ümumdünya Gənclər Günü keçirilib.

Ümumdünya Gənclər Günü 1986-cı ildən bəri Kilsə tərəfindən hər il dünyanın müxtəlif paytaxtlarında, böyük şəhərlərində və katolik ziyarət mərkəzlərində keçirilən böyük beynəlxalq tədbirdir. Bu ənənə 1984-cü ildə Romadakı katolik gənclərin bayramlarından ilhamlanaraq Papa II İohann Pavel tərəfindən qoyulmuşdur.

Ümumdünya Gənclər Gününün məqsədi Kilsənin müxtəlifliyində birliyini, Məsihin əbədi gəncliyini və İncilin hər bir yeni nəsil üçün aktuallığını ifadə etməkdir. Həmçinin, Ümumdünya Gənclər Günü Kilsənin – yəni Allahın xalqının – Rəbbə doğru birgə səyahət etdiyinə və bununla da xristian həyat tərzinin “zəvvar təbiətli” olmasına şəhadət verir.

Yaranmış ənənəyə görə, hər bir qurultay üçün Əhdi-Cədid kitablarından bir parça ilə ifadə edilən mərkəzi mövzu seçilir. Bu il Ümumdünya Gənclər Gününün mövzusu kimi Lukanın İncilindən bu sətir seçilib: “O vaxt Məryəm tələsik qalxıb Yəhudanın dağlıq bölgəsindəki bir şəhərə yollandı” (Luka 1:39).

Ümumdünya Gənclər Gününün əsas hadisəsi zəvvarların Roma Papası ilə görüşü və Müqəddəs Atanın başçılığı ilə birgə ibadətlərdir.

Azərbaycanın katolik icmasından builki Ümumdünya Gənclər Günündə Ülvi Sultanov, Liya Abdullayeva, Angelina Əliyeva və Slavka bacı Butkova (FMA) iştirak ediblər.

Təəssüratlarını catholic.az-la bölüşən Azərbaycandan olan gənc nümayəndələr qeyd ediblər ki, elə ilk gün Fatimadaki ziyarətgaha baş çəkib, öz ziyarətlərini Məryəm Ananın dualarına tapşırıblar.

“Dünyanın 190-dan çox ölkəsindən gələn çoxlu sayda zəvvarların Müqəddəs Atanı necə qarşıladığını görmək çox həyəcanlı idi”, – deyə zəvvarlarımız qeyd ediblər.

Roma Papası Fransisk Ümumdünya Gənclər Gününün iştirakçıları ilə bir sıra görüşlər keçirib, onlarla birlikdə Çarmıx Yolu ibadətini və Müqəddəs Messalar keçirib. Qurultayın son günündə gəncləri İncilin gözəlliyini, Allah sevgisini və Çarmıxın şəfa gücünü yenidən kəşf etməyə çağıran Müqəddəs Ata gənclərdən sülh üçün dua etməyi xahiş etdi.

“Evə qayıdanda sülh üçün dua etməyə davam edin. Siz bütün yer üzü üçün sülhün əlamətisiniz, müxtəlif millətlərin, dillərin və talelərin parçalanmağa yox, birliyə çata biləcəklərinin sübutusunuz. Siz başqa dünyanın ümidisiniz. Bunun üçün sizə təşəkkür edirəm!” deyə Papa Fransisk gənc zəvvarlarlara səslənib.