KARDİNAL LUİS ANTONİO TAQLE AZƏRBAYCANIN APOSTOL PREFEKTURASININ BİR SIRA QURUMLARINDA OLUB

Oktyabrın 18-də yepiskop Vladimir Feketenin dəvəti ilə Azərbaycanda səfərdə olan Müqəddəs Taxt-Tacın Yevangelizasiya üzrə Dikasteriyasının pro-prefekti kardinal Luis Antonio Taqle Bakıda II İoann Pavel kilsəsinin tikinti sahəsində olub.

Bakıda ikinci katolik kilsəsinin tikintisi üçün torpaq sahəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xüsusi Sərəncamı ilə ayrılıb. 2024-cü ilin dekabrında Müqəddəs Taxt-Tacın dövlətlər və beynəlxalq təşkilarlarla əlaqələr üzrə katibi, arxiyepiskop Pol Riçard Qallaxer tikinti sahəsinə və gələcək kilsənin təməl daşına xeyir-duanın verilməsi  mərasimini keçirmişdir.

Kardinal Taqle sahədə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovla görüşüb. Kardinal Pro-Prefekt Azərbaycan cəmiyyətində dinlərarası münasibətlərin səviyyəsini yüksək qiymətləndirib və katolik icmasının fəaliyyəti üçün Azərbaycanda yaradılan şəraitə görə hökumətə və ictimaiyyətə minnətdarlığını bildirib.

Azərbaycanın Apostol Prefekturasına səfəri zamanı kardinal Taqle Bakı şəhəri müq. Kəlkətəli Tereza Kimsəzilər sığınacağının fəaliyyəti ilə tanış olub və burada Mərhəmət Missionerləri Konqreqasiyasının rahibələri  üçün Müqəddəs Messa keçirib.

Həmin gün kardinal Luis Antonio Taqle yepiskop Vladimir Feketenin müşayiəti ilə Azərbaycanda Katolik Kilsəsinin Apostol Prefekturasının Kuriyasını ziyarət edib. Ali qonağı Kuriyada yerli ruhanilər və Azərbaycanda missiyanın 25 illiyinin qeyd edilməsində iştirak etmək üçün Bakıya gəlmiş Salezian Ordeninin keşişləri və rahibləri səmimi qarşıladılar.

Kuriyanın ziyafət zalında birgə çay süfrəsi zamanı görüş iştirakçıları kardinala dünyandakı Kilsənin həyatındakı aktual problemlərə dair suallar vermək imkanı əldə etdilər.