KARDİNAL PİETRO PAROLİN MÜQƏDDƏS MƏRYƏM KİLSƏSİNDƏ İBADƏTƏ BAŞÇILIQ EDİB
Azərbaycanda səfərdə olan Müqəddəs Taxt-Tacın Dövlət katibi kardinal Pietro Parolin iyulun 9-da Bakı şəhəri mqd. Məryəm kilsəsində Müqəddəs Messaya başçılıq edib.
Ali qonağı paytaxtın baş katolik kilsəsində salamlayan Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekti yepiskop Vladimir Fekete deyib:
“İbadətimizə başlamazdan əvvəl mən Sizi Azərbaycanda Apostol Prefekturasının ruhaniləri, rahibləri və bütün möminləri adından ürəkdən salamlamaq istərdim.
Mənim qəlbim Sizin burada, bizim aramızda olmağınızdan minnətdarlıq və sevinclə doludur.
Bu yaxınlarda Müqəddəs Ata Papa Fransiskin 2016-cı ilin oktyabrında Azərbaycana pastoral səfəri zamanı burada Rəbbin Günü Messasını keçirməsindən 7 il keçəcək. İndi isə Siz, Müqəddəs Atanın ən yaxın əməkdaşı kimi, bizim aramızdasınız.
Kardinal həzrətləri, bu günlərdə Sizin Respublika Prezidenti və dövlət rəsmiləri ilə mühüm görüşləriniz olacaq. Lakin hal hazırda Siz, ilk növbədə Məsihin keşişi, ruhani lider və Papanın Ümumdünya Kilsəsinə xidmətində ən yaxın əməkdaşı kimi burada, bizim aramızdasınız.
Biz bu missiyada Sizi dualarımızla müşayiət edirik və böyük diqqət və minnətdarlıqla xeyir-duanızı və ruhlandırıcı sözlərinizi gözləyirik.
Bu hədiyyəyə görə Rəbb Allaha şükür edirik və aramızda olduğunuz üçün Sizə də təşəkkür edirik”.
Kardinal Parolin Azərbaycanda olmasından və ölkəmizin katolikləri ilə birlikdə dua etmək fürsətindən böyük sevinc duyduğunu bildirib.
Kardinal Parolin öz xütbəsində möminləri həqiqi sülh və ona nail olmağın yolları üzərində düşünməyə dəvət etdi.
“Bugünkü ilk oxunuşda Zəkəriyyə peyğəmbər bizim üçün gələcək Məsihi təsvir edir. Padşah Məsih cavan eşşəyin üzərində öz torpaqlarına daxil olur. O dövrdə bu hərəkət sülhün əlaməti, müharibələrin və zorakılığın rədd edilməsinin əlaməti kimi başa düşülürdü. Həqiqi sülhə yalnız Həqiqət, Ədalət və Mərhəmət yolu ilə nail olmaq olar” – deyərək, kardinal xütbəsində qeyd edib.
Kardinal həzrətləri Azərbaycana və onun xalqına firavanlıq arzulayıb və duada iştirak edənlərə həvari xeyir-duasını verib.
Müqəddəs Messanın sonunda kardinal Parolin Roma Papası II İohann Pavelin mqd. Məryəm kilsəsinin ərazisində ucaldılmış heykəlinin rəsmi açılışı və təqdis edilməsi mərasiminə başçılıq edib.
İbadətlərdən sonra kilsənin çay süfrəsi zalında Müqəddəs Taxt-Tacın Dövlət katibinin Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun rəhbərləri və nümayəndələri, habelə Apostol Prefekturasının əməkdaşları və kilsə şuralarının üzvləri ilə görüşü keçirilib.