KATOLİK KİLSƏSİNİN AZƏRBAYCANDAKİ APOSTOL PREFEKTİ, MONS. VLADİMİR FEKETE VATİKANA SƏFƏRƏ YOLA DÜŞÜB

Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekti yepiskop Vladimir Fekete Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində Vatikana səfərə yola düşüb.
QMİ-nin Mətbuat Xidmətinin məlumatına görə, yanvarın 17-dək davam edəcək səfər Müqəddəs Taxt-Tacla Azərbaycan Respublikası arasında mövcud yüksək səviyyəli münasibətlərin dini-mənəvi müstəvidə, dinlərarası dialoq və əməkdaşlıq platformasında daha da möhkəmlənməsinə xidmət edəcəkdir.
Səfər Roma Katolik Kilsəsinin başçısı Zati-müqəddəsləri Papa Fransiskin rəsmi dəvəti ilə həyata keçirilir.
Nümayəndə heyətinin tərkibinə Azərbaycan dağ yəhudiləri icmasının başçısı Milix Yevdayev, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiya idarəsinin katibi Arximandrit Aleksiy Nikonorov da daxildirlər.
Səfər çərçivəsində Papa Fransisklə görüş planlaşdırılıb.