KÜL ÇƏRŞƏNBƏSI HAQQINDA REFLEKSIYA
KÜL ÇƏRŞƏNBƏSI HAQQINDA REFLEKSIYA

Ətrafdakı səslərin içində Onun səsini duymaq
Həyatımız təlaşla doludur. Telefon, radio, yol kənarındakı reklam daşıyıcıları və monitorlar diqqətimizi az qala tələb edir. Hələ bu azmış kimi, daim harasa zəng etmək, elektron məktubları cavablandırmaq, internetdə nə isə axtarmaq lazımdır. Biz isə sadəlövhcəsinə özümüzə söz veririk ki, Allahla “danışacağıq”, amma indi deyil, Ona ayıracaq daha çox vaxtımız olanda. Lakin bir çox hallarda ümid bəslədiyimiz o vaxt gəlib çıxmır. Böyük Oruc bizi fasilə verib qəlbimizə diqqət yetirməyə çağırır: avtomobildə, işdə olarkən bir dəqiqəlik sükut götürmək, şəbəkələrdəki yazışmaları Allahla ünsiyyət qurmaqla əvəz etmək, Onun həzin səsini duyub diqqət yetirmək.
Rutinlərin içində necə “itməməli”?
Yəqin ki, heç kim evindən iş yerinə və ya yaxın marketə aparan yolu əvvəlcədən düşünmür. Bir çox şeyi uzun-uzun fikirləşmədən sadəcə bir vərdiş kimi icra edirik. Beləliklə, hər birimizin öz rutinləri vardır. Lakin belə rutinliyə ruhani həyatımızda yol vermək olduqca təhlükəlidir. Sonsuz hikmət sahibi olan Kilsə insanın bu zəifliklərini nəzərə alır və bizə verilən həyat vaxtını layiqincə qiymətləndirməyə çağırır. Həqiqətən möhtəşəmdir ki, xristian ilinin öz “ritmləri” var: oruc vaxtı, təntənə və tövbə vaxtı. Hər şey üçün xüsusi vaxt ayrılmışdır. Hal-hazırda Allah bizi Onunla daha dərin əlaqə qurmağa dəvət edir. Bu dəvəti qəbul edib-etməməyimiz yalnız bizdən asılıdır.
Utanılacaq sirrlərimiz olan dolabda təmizlik işləri aparmaq
Bu günün ikinci oxunuşunda Həvari Paul izah edir ki, salehliyimiz öz üzərimizdə deyil, İsa Məsihdədir (“biz Onda Allahın salehliyinə nail olduq”). Bu fikir bizə ümid verir. Məhz bu fikir bizə irəliləməyə güc verir, həm də ki, yalnız Allahın verə biləcəyi dərin müdrikliklə. Bəli, çətin olacaq. Bəli, əzablar, çətinliklər olacaqdır. Amma bu yolun sonunda biz varıq: yenilənmiş, daha yaxşı xüsusiyyətlərlə. Bütün “artıq” və “insanlara göstərmək istəmədiyimiz” əşyaları qonaqların gəlməsindən əvvəl biz işıq sürəti ilə dolabın içərisində gizlədirik. Lakin bununla problemlər ölü nöqtədən tərpənmir. “Artıq əşyalar” hələ də mövcudluğunu yalnız bizim bildiyimiz dolabda gizlənir…
Daha yaxşı olmaq
Dua etmək, oruc tutmaq, sədəqə vermək — İsanın şagirdlərinə verdiyi ilk baxışda sadə görünən tövsiyələrdir. Dua bizi Allaha yaxınlaşdırır, oruc maddiyatdan asılılığımızı azaldır. Paylaşdığımız zaman eqoizm tükənir. Oruc diqqətimizi ətrafdakılara yönəltməyə dəvət edir ki, bu da bizi qəlbimizi Rəbbə verməyə hazırlayır. Bu müddət ərzində müxtəlif suallar veririk: “nədən imtina etməliyəm?”, “bu dövrü necə layiqincə yaşamaq olar?”. Həyatımızı necə keçirməyimiz ayrı-ayrı zaman kəsiklərini, hətta anları necə keçirməyimizdən asılıdır. Oruc vaxtını, bizə verilən bu qiymətli hədiyyəni düzgün istifadə etmək üçün Allaha dua edək ki, bizə konsentrasiya və güc bəxş etsin.
Biz hamımız bir-birimizə çox lazımıq: sevincin səbəbi olaq
Hamımıza bir ürək; hərəkət etməyə, dünyanı öyrənməyə imkan verən ağıl; təmiz hava və əlbəttə ki, sevgi lazımdır. Bəzən bizim sadə addımlarımız düşünmədiyimiz nəticələri verə bilər. Xüsusi ehtiyacı olan üçün dua, ruhlandırıcı sözlər demək, tənha birini dadlı nahara qonaq etmək — bəlkə də bu insanların həyatında olan yeganə ümid məhz bizik. Paylaşmağın möcüzəsi ondadır ki, paylaşan daha çox qazanır. Paylaşaraq kiminsə qəlbini sevindiririk, eyni zamanda maddi asılılıqdan azad oluruq. Beləliklə, başqasının həyatını xilas edərək, biz özümüzü xilas etmiş oluruq. Biz bir-birimizə lazımıq.
Ürəyimizi və şüurumuzu yeni bir şəkildə Rəbbə həsr etmək
Hər il biz bu həqiqətən səxavətli olan mənəvi hədiyyəni — təkrar düşünmə vaxtını alırıq. Böyük Oruc yalnız bir başlanğıcıdır. Bu gün biz bu başlanğıca doğru addımlayırıq və qətiyyətlə bilirik ki, etdiyimiz faydalı işlər, sevgi, dua və oruc bizə bu dünyada mövcud olan bütün ehtiyac və ümidin tam hissəsi olmaq üçün daha bir imkan verir. Tövbə etmək kimi sadə öhdəliyi qəbul edək, qəlbimizə və şüurumuza bizi hər an gözləyən Rəbbə qayıtmaq üçün imkan yaradaq: “Ey Allah, məndə təmiz ürək yarat, Daxilimə yenidən sədaqət ruhunu ver” (Məz., 51:10).
Afət Əfəndiyeva
