LARİSA REYXRUDEL AZƏRBAYCANDA KATOLİK KİLSƏSİNİN YEPİSKOPUNUN FƏXRİ FƏRMANI İLƏ TƏLTİF OLUNUB

Uzun illər fədakar xeyriyyəçilik fəaliyyətinə görə, eləcə də Kilsənin ehtiyacı olanlara dair qayğılarında xoş əməkdaşlığa görə Azərbaycanda Katolik Kilsəsinin apostol prefekti, yepiskop Vladimir Fekete Azərbaycan Yəhudi Qadınların Humanitar Assosiasiyasının sədri, dövlət mükafatları – “Şöhrət” ordeni və “Tərəqqi” medallarının sahibi Larisa Efimovna Reyxrudeli Azərbaycanda Katolik Kilsəsinin yepiskopunun fəxri fərmanı ilə təltif edib.
Larisa Efimovna Reyxrudel, təxminən 20 ildir ki, Kəlküttəli Tereza Ananın Bacıları ordeninin kimsəsizlər üçün katolik sığınacağına təmənnasız və böyük fədakarlıqla yardım edir.
Larisa Efimovnanın Tereza Ananın sığınacağına hər gəlişi onun sakinləri üçün sevincdir. Larisa Efimovna ana həssaslığı və diqqəti ilə sığınacağın ehtiyaclarına konkret əməllərlə cavab verir.
“Biz öz imkanlarımız daxilində etdiyiniz işlərə görə Sizə dərin minnətdarlığımızı bildirməyə çalışdıq, lakin ən böyük qiyməti heç bir yaxşı əməli mükafatsız qoymayan Rəbb Allah verəcək. Çox sağ olun”, – yepiskop Vladimir mükafatlandırma mərasimində deyib.