MƏRYƏM ANANIN GÖYLƏRƏ GÖTÜRÜLMƏSİ GÜNÜNDƏ NİC QƏSƏBƏSİNƏ SƏFƏR

Avqustun 15-də, Məryəm Ananın Göylərə Götürülməsi bayramı günündə Azərbaycanın apostol prefekti, yepiskop Vladimir Feketenin başçılığı ilə Azərbaycandakı Katolik Kilsəsinin bir qrup ruhaniləri, rahibləri və imanlıları Qəbələ rayonu Nic qəsəbəsinə zəvvar səfəri edib.
Bakı katoliklərini Nic qəsəbəsinin Məryəm Ana kilsəsində Alban-udi xristian icmasının sədri Robert Mobili, icmanın dini lideri Rafiq Danakari və qəsəbə sakinləri salamladılar.
Səmimi qəbula görə Alban-Udi icmasına təşəkkür edən yepiskop Vladimir Fekete qeyd edib ki, Azərbaycan Katolik Kilsəsinin zəvvarlarının ölkənin qədim xristian tarixi ilə bağlı məkanlarda dua etməsi çox sevindirici və həyəcanvericidir.
“Biz öz ehtiyaclarımızı Müqəddəs Məryəm Ananın dualarına tapşırırıq, həmçinin udi qardaşlarımız üçün, onların icmalarının mənəvi rifahı və bütün Azərbaycanın xeyri üçün dua edirik” dedi yepiskop Vladimir.
Həmin gün Nic qəsəbəsinin Məryəm Ana kilsəsində yepiskop Vladimir Fekete Allahın Əqdəs Anasının Göylərə Götürülməsinə həsr olunmuş Müqəddəs Messa ayinini keçirtdi. İbadət zamanı yepiskopu Prefekturanın general vikarısi ata Yozef Marek, Müqəddəs Məryəm kilsəsinin keşişləri ata Selva Kumar, ata Emil Şafar və ata Vladimir Baksa müşayiət ediblər.
Müqəddəs Ayində Alban-Udi xristian icmasının nümayəndələri də iştirak ediblər.
İbadət edənlərə möizə ilə müraciət edən yepiskop Vladimir Fekete xristianları Allaha təvazökar xidmətin və dərin imanı ilə seçilən Məryəm Anadan nümunə götürməyə çağırdı.
“Vəhy kitabından olan ilk oxunuşda biz qədim əjdahanı – Şeytanı belə vəlvəyə salan sirli və hər şeyə qadir Zənən haqqında oxuduq. Bəs bu Qadının gücü nə idi? Yalnız dərin iman, səmimi təvazökarlıq və Allaha sədaqət” – deyərək yepiskop Vladimir qeyd etdi.
Müqəddəs Messa ərzində Azərbaycan katolikləri Kilsə və onun başçısı Papa Fransisk üçün, Azərbaycanın firavanlığı və xalqının rifahı, Cənubi Qafqazda sülhün bərqərar olması üçün dua ediblər.
Təntənəli xeyir-duadan əvvəl birlikdə edilən duanın xatirəsi kimi yepiskop Vladimir Fekete Alban-Udi xristian icmasının sədri Robert Mobiliyə Müqəddəs Ailənin ikonasını təqdim etdi.
Paytaxt katolikləri həmçinin alban-udi icmasının əsas kilsəsini – Müqəddəs Elişa kilsəsini ziyarət etdilər.
Ziyarətin sonunda Bakı şəhərinin katolikləri və Nic kəndinin udinləri qardaşlıq süfrəsinə toplaşıblar.