MƏSİH DİRİLDİ! ALELLUYA! Yepiskop Vladimir Fekete həzrətlərinin Pasxa Gecəsi möizəsi – FOTO

Əziz bacı və qardaşlar,

biz İsa Məsihin dirilməsinin sevincli anını yaşayaraq şəxsi həyatımızda və bütün dünyanın həyatında Allahın böyük əməllərini xatırlamaq üçün bir araya toplaşmışıq.

Məsihin dirilməsi ilə bağlı düşüncələr bizi ən böyük təəccüb və heyranlıq sözləri ilə belə ifadə edə bilməyəcəyimiz böyük bir sirr qarşısında qoyur, biz ona yalnız  yaxınlaşa bilərik…

Bununla belə, icazə verin, əvvəlcə indicə eşitdiyimiz Müqəddəs Yazıların sözlərini xatırlayım: “Başlanğıcda Allah göyləri və yeri yaratdı. Yer quruluşsuz və boş idi. Dərin sular üzərində qaranlıq var idi. Allahın Ruhu suların üzərində dolaşırdı. Allah dedi: «Qoy işıq olsun». İşıq oldu. Allah gördü ki, işıq yaxşıdır. Sonra O, işığı qaranlıqdan ayırdı. Allah işığı «gündüz», qaranlığı isə «gecə» adlandırdı.”

Bu sözləri indi, Rəbbimiz İsa Məsihin dirilməsinə sevindiyimiz zaman, ürəklərimiz hələ də şən “Halleluya! Məsih dirildi!” nəğməsi ilə titrədiyi zaman xatırlamağa dəyər. Baxmayaraq ki, bu məbəddə bütün lampalar yanır və ovuclarımızda tutduğumuz şamların alovu hələ də gözlərimizdə əks olunur, biz yaxşı bilirik ki, qaranlıq hələ də yaxınlıqda gizlənir, kilsəni və ya evlərimizi tərk etmək kifayətdir ki, bunu anlayaq.

Üçüncü minillikdə həyatı asanlaşdıran bir çox ixtiralarla yaşasaq da, etiraf edək: hər birimiz ruhumuzda hələ də gündüzü gecədən, işığı qaranlıqdan, nuru zülmətdən üstün tuturuq… Axı, işıq keşirməyən qaranlıq bizi əhatə edəndə, qorxu həmişə yanımızda olanda, biz özümüzü narahat hiss edib doğru yolda olduğumuza inamımızı itiririk.  Kiçik, zəif və tutqun bir işıq belə parlasa biz bir növ daha sakit, daha təhlükəsiz, daha rahat oluruq, az da olsa bir istilik hiss edirik… Biz özümüz haqda “işıqsevər məxluqlar” deyə bilərik. Amma, özümüzə “Nurun evladları” deyə bilərikmi? “Allah nurdur və Onda qaranlıq yoxdur”. Ola bilməz ki, ilkin günahın qaranlığı hələ də yer üzündə tam mövcudluğundan həzz alır.

İsa Məsihin dirilməsindən əvvəl həmin gecə nə baş verdi? O, həqiqi Tanrı və həqiqi insan olaraq hər birimizə qarşı olan böyük məhəbbəti ilə dərd və iğtişaşların qaranlığından, şəhidlik zülmətindən keçdi ki, dan ulduzu kimi səhər açılanda ölümdən dirilsin!

Müqəddəs Pavel yazır: “Siz bir vaxtlar qaranlıq idiniz, amma indi Rəbbdə nursunuz: nurun övladları kimi gəzin!” –

Məcdəllı Məryəm məzarı hələ qaranlıq ikən və ən əsası, ruhunda qaranlıq hökm sürərkən ziyarətə gəlmişdir. O, kədər və ümidsizlik içində gəldi, çünki mərhumu axtarırdı, ancaq boş bir məzar tapdı. O, diri olanı yox, keçmişdə var olanı axtarırdı! O isə diridir!

Bəzən çətin anlardan keçərkən, hüzn və ya kədər, ümidsizlik və ya qorxu qaranlığı ürəyimizi bürüyərkən,  tək olmadığımızı və özümüzə buraxılmadığımızı xatırlamağa dəyər.

Çünki bizi əhatə edən qaranlıqda qarşımızda yalnız zəif, uzaqda olan bir balaca işıq  deyil, qüdrətli, gözəl və isti bir İşıq yanır. Bizə doğru yolu göstərir, hər şeyi dəyərləndirib öz yerinə qoymağa imkan verir.

O Nur İsa Məsihdir. O, ümidimizə əminlik verir və həyatımıza məna gətirir.

Çürüməyə və unudulmağa məruz qalanlar bundan sonra yaşamalı olacaq!

Həyatımızın ən çətin anlarında xatırlamağa dəyər ki, qışdan bahar, gecədən gündüz, ölümdən isə yeni həyat doğulur… Sadəcə olaraq bu İşığa, İlahi eşqin bu parıltısına təslim olmaq lazımdır! Odur ki, biz kənarda gözləməyək, özümüzdə, qayğılarımızda və kədərlərimizdə qapalı qalmayaq, amma Diriləni görmək üçün Peter və Yəhya kimi  Məsihin boş qəbrinə  tərəf daha sürətlə qaçaq! Gəlin sevinək ki, Məsihin İşığı bütün yer üzünü doldurur, gəlin yeni həyata sevinək!

Onun dirilməsi sayəsində biz Lazar kimi təkcə bir dövr üçün bu həyata qayıtmadıq. Lazar dirildi, lakin o, olduğu kimi, yer tozundan yaradılmış həmin insan qaldı. Əvvəlki vəziyyətinə qayıtdı və yenidən ölmək məcburiyyətində qaldı. Çünki dünya belə qurulub!

Lakin Rəbbimiz İsa surəti dəyişilmiş şəkildə dirildi! O, nəinki geri qayıtdı, O bütün dünyanı, materiyanı, bütün yaradılışı və bizi dəyişdirdi. Bunu, hər hansı birmənalı, başa düşülən formulalara daxil etmək çətindir.

O, bu dünyanın qanunlarına bağlı deyil – Onun bağlı qapılaedan keçib kilidli otaqlarda görülməsini xatırlayın. Və eyni zamanda o şagirdləri ilə bir yerdə yemək yeyir. Bizim üçün də, fani olsaq da, ölüm artıq son və dönməz deyil – o, bizim əbədi həyata keçə biləcəyimiz qapıya çevrilmişdir.

İsa bizi dəyişdirdi və bizdən əvvəl irəli addımladı ki, biz bu həyatın sonunda Atanın qucağında diriləcəyik! Məsih dirildi ki, biz də ölülərdən dirilə bilək! Beləliklə, bu gün bütün qəlbimizlə, bütün ruhumuzla şükranlıq hissi ilə səslənək: “Məsih dirildi!”

Amin.