MƏRKƏZİ ASİYA KATOLİK YEPISKOPLARI KONFRANSININ YENİ SƏDRİ KARDİNAL CORCİO MARENQO SEÇİLDİ

15–19 aprel 2026-cı il tarixlərində Daşkənd şəhərində Mərkəzi Asiya Katolik Yepiskopları Konfransının (СЕСАС) V Plenar iclası keçirildi. Bu görüş regionun katolik iyerarxlarını qardaşlıq ünsiyyəti, dua və Kilsənin pastoral missiyası üzərində birgə düşüncə ruhunda bir araya gətirdi. Toplantı Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Türkmənistan, Monqolustan və Azərbaycanı təmsil edən yerli Kilsələrin həyatında mühüm mərhələ oldu.

İclasın xüsusi əhəmiyyəti Konfransın yeni rəhbərliyinin seçilməsi ilə daha da artdı. Səsvermənin nəticələrinə əsasən, Ulan-Batorun apostol prefekti kardinal Corcio Marenqo sədr seçildi. O, bu xidməti son dörd il ərzində Konfransa rəhbərlik etmiş yepiskop Xose Luis Mumbiela Sierranı əvəz edərək qəbul etdi. Vitse-sədr vəzifəsinə yepiskop Mumbiela Sierra, baş katib vəzifəsinə isə yepiskop Yevgeni Zinkovski seçildi.

İclasların əvvəlində Müqəddəs Taxt-tacın Qazaxıstan, Qırğızıstan və Tacikistan üzrə apostol nunsisi, arxiyepiskop Corc Panamtundil iştirak edərək müraciətlə çıxış etdi. Özbəkistan və Rusiya üzrə apostol nunsisi, arxiyepiskop Covanni D’Anyello isə iştirakçılara məktub göndərdi. Yepiskop Adelio Del Oro səhhəti ilə əlaqədar olaraq iclasda iştirak edə bilmədi.

Plenar iclasın əvvəlində yepiskoplar və ordinarilər Roma Papası XIV Leo-ya onun sülh naminə səylərində və ona həvalə olunmuş sürüyə, eləcə də müharibələr və ədalətsizliklərdən əziyyət çəkən bütün insanlara yönəlmiş pastoral xidmətində qəti dəstəklərini ifadə etdilər. İştirakçılar bütün bəşəriyyət üçün sülh neməti diləyərək Rəbbə dualar etdilər.

Seçilməsindən sonra söylədiyi ilk sözlərində kardinal Corcio Marenqo Konfransın əvvəlki rəhbərliyinə təşəkkürünü bildirdi, xüsusilə yepiskop Xose Luis Mumbiela Sierra, yepiskop Matsuleviç və yepiskop Yevgeni Zinkovskinin xidmətini qeyd etdi. O, həmçinin СЕСАС-ın fəaliyyətini müşayiət edən apostol nunsiaturalının mühüm rolunu vurğuladı və xüsusilə Qazaxıstandakı nunsiaturanı qeyd etdi.

СЕСАС Katibliyi isə öz növbəsində yeni seçilmiş iyerarxlara bu məsul xidməti qəbul etməyə razı olduqlarına görə minnətdarlığını bildirdi və imanlıları onları duaları ilə dəstəkləməyə çağırdı, onların missiyasını Allahın xeyir-duasına və Müqəddəs Ruhun rəhbərliyinə həvalə etdi.

Ümumi iclas zamanı yepiskoplar qardaşlıq ruhunda pastoral xidmət təcrübəsi ilə bölüşdülər, yerli Kilsələrin qarşılaşdığı aktual çağırışları müzakirə etdilər, həmçinin imanlıların sevinc və ümidlərini paylaşaraq, onlara həvalə olunmuş xidmətə görə birlik və məsuliyyət içində bir-birlərini dəstəklədilər.

Daşkənddə keçirilən plenar iclas bir daha Mərkəzi Asiyada Katolik Kilsəsinin birliyə, qarşılıqlı dəstəyə və açıq dialoqa — həm kilsədaxili mühitdə, həm də digər dinlərin nümayəndələri ilə münasibətlərdə — sadiqliyini vurğuladı. Konfransın işində xüsusi yer sülh mövzusuna verilmişdir.

catholic-kazakhstan.org materialları əsasında