MİLAD 2021 – YEPISKOP VLADİMİR FEKETE HƏZRƏTLƏRİNİN MİLAD GÜNÜ MÖİZƏSİ

“Zülmətdə yaşayan xalq möhtəşəm bir işıq gördü.” (Yeşaya 9:2)

Əziz bacı-qardaşlar,

Yeşayanın bu peyğəmbərliyi, xüsusilə Milad gecəsinin liturgiyasında bəyan ediləndə, çox təsirli səslənir. Bu emosional və ya sentimental məsələ deyil. Yeşaya peyğəmbərin bu sözləri bizə də toxunur, çünki bizim kim olduğumuzun dərin reallığını əks etdirir: biz yolu gedən insanlarıq, yolçuyuq, və yolçu olaraq bizim  ətrafımızda və daxilimizdə həm qaranlıq, həm də işıq var.

Qaranlıq ruhu bu gecə dünyanı bürüdüyü vaxt bizi həmişəki kimi təəccübləndirən və sevindirən bir hadisə yenidən baş verir: zülmətdə yaşayan xalq möhtəşəm bir işıq görür. Qaranlıqda getdiyimiz səyahətimizin sirrini və mənasını anlamağa və həqiqəti görməyə kömək edən Həqiqi İşıq meydana çıxdı.

Yol getmək. Bu ifadə bizi bəşər tarixinin gedişatı haqqında, öz ölkəsindən Rəbb tərəfindən göstərəcəyi torpağa getməyə çağırılan iman atamız İbrahimdən öz başlanğıcını alan xilas tariximiz haqqında  düşünməyə vadar edir. O vaxtdan etibarən bizim kimliyimiz ondan ibarətdir ki, biz, inanclı insanlar olaraq vəd olunmuş torpağa doğru zəvvarlar kimi gedirik. Bu hekayə boyunca Rəbb hər zaman bizimlə olub! O, həmişə Öz əhdinə və vədinə sadiq qalıb. O, sadiq olduğu üçün “Nurdur və Onda zərrə qədər də qaranlıq yoxdur”. (1Yəhya 1:5). Həyatda işıq və qaranlıq, sədaqət və vəfasızlıq, ümid və ümidsizlik, itaətkarlıq və Rəbbə qarşı üsyan edən vaxtlarımız olub.

Bizim şəxsi tariximizdə də parlaq və qaranlıq anlar, işıq və kölgələr var. Əgər biz Allahı, bacı-qardaşlarımızı seviriksə, deməli nurda gəzirik; qəlbimiz qapalıdırsa, içimizdə qürur, yalan, təkəbbür, xudbinlik hökm sürürsə, demək içimizi və ətrafımızi zülmət bürüyüb. Həvari Yəhya deyir: “Amma qardaşına nifrət edən qaranlıqdadır.  O, qaranlıqda gəzir və hara getdiyini bilmir, çünki qaranlıq onun gözlərini kor edib”. (1 Yəhya 2:11).

Əziz bacı-qardaşlar, Həvari deyir: “Allahın bütün insanlara xilas gətirən lütfü zühur etdi”. (Titə 2:11). Həvarinin bu kəlamı, xüsusilə bu gecə, parlaq işığa bənzəyir.

Dünyamızda zühur edən lütf  – Bakirə Məryəmdən doğulmuş həqiqi İnsan və həqiqi Allah olan İsadır. O, bizim bəşər tariximizə daxil oldu; bizə şərik oldu. Bizi zülmətdən azad etmək üçün gəldi və bizə Həqiqət Nurunu bəxş etdi. Onda lütf, mərhəmət və Atanın mehriban məhəbbəti zühur oldu – İsa təcəssüm olunmuş məhəbbətdir. O, yalnız hikmət müəllimi deyil, ondan uzaq olduğumuzu dərk edərək can atdığımız ideal deyil. O, həyatın, tarixin mənasıdır, O, aramızda çadır quran Allahdır.

İsanın doğulmasının xəbərini alan, bu “çadırı” ilk görənlər çobanlar olub. Onlar birinci idilər, çünki onlar hamı tərəfindən qovulan, səfil həyat yaşayanlar idi. Və onlar Məsihi ilk tanıyanlardan idilər, çünki oyaq idilər, gecəni seyr edirdilər, sürülərini qoruyurdular.  Zəvvar, yol gedən kəs buna fikir verməlidir, çobanlar da məhz bunu edirdilər.

Gəlin onlarla birlikdə Körpənin qarşısında sükutla dayanaq. Onlarla birlikdə bizim üçün Özünü qurban verən İsanı bizə bəxş etdiyi üçün Külli-İxtiyar Ataya təşəkkür edək. O Əbədi və Ölçülməz Böyüklük olduğu halda Özünü kiçik etdi; O, Tükənməz Sərvət olduğu halda Özünü yoxsul etdi; O, Mütləq İxtiyar Sahibi olduğu halda Özünü zəif körpə etdi.

Gəlin bu gecə  Müjdənin sevincini bölüşək: Allah bizi sevir, bizi o qədər sevir ki, Öz, Oğlunu bizə qardaşımız olmaq üçün verdi ki, biz də qaranlıqda işıq ola bilək. Rəbb bizə təkrar olaraq deyir: “Qorxmayın!” (Luka 2:10). Mələklərin çobanlara dediyi kimi: “Qorxmayın!” Mən də hamınıza təkrar edib deyirəm: qorxmayın! Atamız səbirlidir, O bizi sevir, bizə İsanı bəxş etdi ki, bizi vəd edilmiş torpağa aparan yolla aparsın. İsa zülmətə qalib gələn Nurdur. O, Mərhəmətdir: Atamız bizi həmişə bağışlayar. İsa sülh və hüzurumuzdur. Amin.