MQD. MƏRYƏM KİLSƏSİNDƏ “MÜQƏDDƏS MƏRYƏMİN NURU” ƏSƏRİNİN TƏQDİMATI KEÇİRİLİB
Yanvarın 5-də Bakı şəhəri Müqəddəs Məryəm katolik kilsəsində azərbaycanlı rəssam, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi Gülarə Salayevanın “Müqəddəs Məryəmin Nuru” adlı əsərinin təqdimatı keçirilib.
“Müqəddəs Məryəmin Nuru” əsəri müəllif tərəfindən Azərbaycanda Katolik Kilsəsinin Apostol Prefekturasına hədiyyə edilib.
Tədbir Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Mənəvi Dəyərlərin Təbliği Fondu, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin birgə təşkilatçılığı ilə baş tutub.
Azərbaycan Katolik Kilsəsi adından tədbir iştirakçılarını salamlayan yepiskop Vladimir Fekete onları yeni 2023-cü il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edib. Monsenyor Fekete çıxışında təşəbbüsə və hədiyyəyə görə əsərin müəllifinə təşəkkür edib və ilin belə xoş və onun fikrincə, yaxşı bəhrə verəcək və dünyada rezonans doğuracaq hadisə ilə başlamasından məmnunluğunu ifadə edib. Yepiskop Fekete imanı keçmişin rəssamları üçün ən güclü ilham mənbələrindən biri adlandırıb və misal olaraq Bibliya süjetləri əsasında yaradılmış dünya rəssamlığının şah əsərlərini göstərib. “Rəssam Gülarə Salayeva tərəfindən yaradılmış Müqəddəs Məryəm obrazı imanın bu gün də yaradıcılıq üçün ilham mənbəyi ola biləcəyinin canlı nümunəsidir” deyə, yepiskop Fekete öz çıxışında vurğulayıb.
Tədbirdə sənət elmləri doktoru Sevil Kərimova, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Elnarə Kərimova, Mənəvi Dəyərlərin Təbliği Fondunun direktor müavini Ceyhun Əliyev, Alban-Udi Xristian İcmasının sədri Robert Mobili, Mədəniyyət və İncəsənət Universitetinin prorektoru Sedaqət Əliyeva, sənətşünaslıq professoru Tamilla Məmmədova, mədəniyyətşünaslıq professoru Fuad Məmmədov çıxış ediblər.
Təqdimat mərasimində iştirak edənlərin yekdil fikrinə görə, “Müqəddəs Məryəmin Nuru” əsəri və onun Katolik Kilsəsinin Apostol Prefekturasına bağışlanması Azərbaycanda müsəlmanlarla xristianlar arasında xoş münasibətlərin daha bir bariz sübutudur.




















