Müqəddəs Ailənin Bayramı “C”ili

Sirak kitabından sözlər (Sirak 3, 2-6. 12-14)

Anana və atana hörmət göstər.

Allah uşaqların atalarına hörmət göstərənlərini və analarının sözlərinə baxmaqlarını əmr eləmişdir. Atasına hörmət göstərənlərin günahları bağışlanacaq, anasını sevən də bir xəzinə yığmış kimi olacaqdır. Atasına hörmət göstərən öz uşaqları ilə xöşbəxt olacaq və dualarının qəbul edildiyini görəcəkdir. Atasına hörmət göstərən uzun günlər görəcəkdir. Anasını sayan və sevən, Allaha da hörmət və sevgi göstərmiş olacaqdır. Oğlum, atana qocalığında dəstək ol və yaşadığı sırada, ona kədər vermə. Şüürunu itirsə belə, onunla mərhəmətli ol. Sən sağlam və güclükən, onu kiçiltmə. Ona göstərmiş olduğun sevgi unudulmayacaq və günahlarının bağışlanmasında kömək olacaqdır.

 

Zəbur 128 [127] 1-5

Nəqarat: Nə bəxtiyardır Rəbdən qorxan, Onun yolları ilə gedən insan!

 

Nə bəxtiyardır Rəbdən qorxan, Onun yolları ilə gedən insan!

Çünki öz əlinin bəhrəsini yeyəcəksən, xoşbəxt olub uğur qazanacaqsan.

 

Evində arvadın tənək kimi bar gətirəcək,

övladların zeytun pöhrələri kimi süfrənin ətrafını bürüyəcək.

 

Rəbdən qorxan insan belə xeyir-dua alacaq:

Rəbb Siondan sənə xeyir-dua versin, ömür boyu Yerusəlimin xoşbəxtliyini görəsən.

 

Koloslulara məktubu 3, 12-21

 

Beləliklə, Allahın seçilmişləri, müqəddəsləri və sevimliləri kimi ürəkdən şəfqət, xeyirxahlıq, təvazökarlıq, həlimlik və səbirlilik geyin; Bir-birinizə təhəmmül edin və birinizin digərindən şikayəti varsa, bağışlayın. Məsih sizi bağışladığı kimi, siz də bir-birinizi bağışlayın. Bütün bunlarla yanaşı, kamil birliyin bağı olan məhəbbəti geyin. Məsihin sülhü qoy ürəklərinizdə hakim olsun. Bir bədənin üzvləri kimi bu sülhə dəvət olundunuz. Və şükür edənlər olun!

Qoy Məsihin kəlamı bütün zənginliyi ilə içinizdə yaşasın. Məzmurlarla, ruhani nəğmələr və mahnılarla bir-birinizə tam hikmətlə təlim və nəsihət verin; ürəklərinizdə Rəbbə minnətlə nəğmə oxuyun. Sözdə və əməldə nə etsəniz, hər şeyi Rəbb İsanın naminə edin, Onun vasitəsilə Ata Allaha şükür edin.

Ey qadınlar, Rəbbə aid olanlara layiq olduğu kimi, ərlərinizə tabe olun. Ey ərlər, öz arvadlarınızı sevin və onlarla sərt davranmayın. Ey uşaqlar, hər vəchlə valideynlərinizə itaət edin; çünki bu, Rəbbə məqbuldur.

Ey atalar, övladlarınızı hirsləndirməyin ki, onlar məyus olmasınlar.

 

Lukanın müjdəsi 2, 41-52

 

İsanın valideynləri hər il pasxa bayramında Yerusəlimə gedirdilər. Və O, on iki yaşına çatdığı zaman, adət üzrə Yerusəlimə bayrama getdilər.

Bayram günlərini bitirib evlərinə qayıdırkən, yeniyetmə İsa Yerusəlimdə qaldı; və Yusiflə İsanın anası bundan bixəbər idilər. Elə düşünürdülər ki, O, yoldaşları ilə gedir. Lakin bir günlük yol getdikdən sonra, Onu qohum və tanışlar arasında axtarmağa başladılar. Və Onu tapmadıqda, Onu axtara-axtara Yerusəlimə qayıtdılar.

Üç gündən sonra Onu məbəddə tapdılar. O, müəllimlərin arasında oturub onları dinləyir, suallar verirdi.

Onu dinləyənlərin hamısı Onun zəkasına və cavablarına təəccüblənirdilər.

Valideynləri Onu gördükləri zaman heyrətə gəldilər və anası Ona dedi: «Oğlum! Nə üçün bizimlə belə davrandın? Budur, Sənin atan və mən böyük kədərlə Səni axtarırdıq.» O, onlara dedi: «Məni nə üçün axtarırdınız? Bilmirdinizmi ki, Mən Atamın evində olmalıyam?» Lakin onlar İsanın dediyi sözləri başa düşmədilər.

İsa onlarla getdi və Nazaretə gəldi; və onlara itaət edirdi. Onun anası da bütün bu sözləri öz ürəyində saxlayırdı. İsa isə hikmətdə və boy-buxunda, Allah və insanlar qarşısında lütfdə tərəqqi edirdi.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *