Müqəddəs Ailənin Bayramı “C”ili
Sirak kitabından sözlər (Sirak 3, 2-6. 12-14) 
Allah uşaqların atalarına hörmət göstərənlərini və analarının sözlərinə baxmaqlarını əmr eləmişdir. Atasına hörmət göstərənlərin günahları bağışlanacaq, anasını sevən də bir xəzinə yığmış kimi olacaqdır. Atasına hörmət göstərən öz uşaqları ilə xöşbəxt olacaq və dualarının qəbul edildiyini görəcəkdir. Atasına hörmət göstərən uzun günlər görəcəkdir. Anasını sayan və sevən, Allaha da hörmət və sevgi göstərmiş olacaqdır. Oğlum, atana qocalığında dəstək ol və yaşadığı sırada, ona kədər vermə. Şüürunu itirsə belə, onunla mərhəmətli ol. Sən sağlam və güclükən, onu kiçiltmə. Ona göstərmiş olduğun sevgi unudulmayacaq və günahlarının bağışlanmasında kömək olacaqdır.
Zəbur 128, 1-5
Nəqarat: Nə bəxtiyardır Rəbdən qorxan, Onun yolları ilə gedən insan!
Nə bəxtiyardır Rəbdən qorxan, Onun yolları ilə gedən insan!
Çünki öz əlinin bəhrəsini yeyəcəksən, xoşbəxt olub uğur qazanacaqsan.
Evində arvadın tənək kimi bar gətirəcək,
övladların zeytun pöhrələri kimi süfrənin ətrafını bürüyəcək.
Rəbdən qorxan insan belə xeyir-dua alacaq:
Rəbb Siondan sənə xeyir-dua versin, ömür boyu Yerusəlimin xoşbəxtliyini görəsən.
Koloslulara məktubu 3, 12-21
Beləliklə, Allahın seçilmişləri, müqəddəsləri və sevimliləri kimi ürəkdən şəfqət, xeyirxahlıq, təvazökarlıq, həlimlik və səbirlilik geyin; Bir-birinizə təhəmmül edin və birinizin digərindən şikayəti varsa, bağışlayın. Məsih sizi bağışladığı kimi, siz də bir-birinizi bağışlayın. Bütün bunlarla yanaşı, kamil birliyin bağı olan məhəbbəti geyin. Məsihin sülhü qoy ürəklərinizdə hakim olsun. Bir bədənin üzvləri kimi bu sülhə dəvət olundunuz. Və şükür edənlər olun!
Qoy Məsihin kəlamı bütün zənginliyi ilə içinizdə yaşasın. Məzmurlarla, ruhani nəğmələr və mahnılarla bir-birinizə tam hikmətlə təlim və nəsihət verin; ürəklərinizdə Rəbbə minnətlə nəğmə oxuyun. Sözdə və əməldə nə etsəniz, hər şeyi Rəbb İsanın naminə edin, Onun vasitəsilə Ata Allaha şükür edin.
Ey qadınlar, Rəbbə aid olanlara layiq olduğu kimi, ərlərinizə tabe olun. Ey ərlər, öz arvadlarınızı sevin və onlarla sərt davranmayın. Ey uşaqlar, hər vəchlə valideynlərinizə itaət edin; çünki bu, Rəbbə məqbuldur.
Ey atalar, övladlarınızı hirsləndirməyin ki, onlar məyus olmasınlar.
Lukanın müjdəsi 2, 41-52
Hər il İsanın ata-anası Pasxa bayramında Yerusəlimə gedərdi. İsanın on iki yaşı tamam olanda onlar bayram adətinə görə yenə ora getdilər. Bayram qurtarandan sonra onlar evə yollandılar. Amma yeniyetmə İsa Yerusəlimdə qaldı, onun ata-anasının isə bundan xəbəri yox idi. Onlar İsanın səyyahlar dəstəsi içində getdiyini düşünürdülər. Amma bir günlük yolu gedəndən sonra Onu dostların və qohumların arasında axtarmağa başladılar. Onu tapmadılar və axtara-axtara Yerusəlimə qayıtdılar. Üç gündən sonra Onu məbəddə tapdılar. İsa müəllimlər arasında oturmuşdu və onlara qulaq asır, suallar verirdi. Onu dinləyən hər kəs Onun zəkasına və verdiyi cavablara mat qalırdı. Ata-anası Onu görüb təəccübləndi. İsanın anası Ona dedi: «Oğlum, bu nədir başımıza gətirdin? Atanla mən nigaran qalıb səni axtarırdıq». İsa onlara cavab verdi: «Məni nə üçün axtarırdınız? Məgər bilmirdiniz ki, Mən Atamın evində olmalıyam?» Amma onlar Onun nə demək istədiyini başa düşmədilər. Sonra İsa ata-anası ilə Nazaretə qayıtdı. O, ata-anasına itaətli idi. Onun anası isə bütün bu şeyləri öz ürəyində saxlayırdı. İsa böyüyürdü və hikmətdə artırdı. O, Allahın və insanların qarşısında lütf qazanırdı.