MÜQƏDDƏS MƏRYƏM KİLSƏSİNDƏ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDLƏRİNİN XATİRƏSİ YAD EDİLDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, hər il sentyabrın 27-si Azərbaycanda 44 günlük Vətən Müharibəsi şəhidlərinin Anım Günü kimi qeyd edilir.

Bu gün Azərbaycanın bütün ibadətgahlarında həlak olanların ruhuna, yaralıların sağalması üçün, yaxınlarını itirmiş ailələrə Allahdan təsəlli verilməsi üçün eləcə də Cənubi Qafqazda sülhün bərqərar olması üçün dualar edilir.

Sentyabrın 27-də Müqəddəs Məryəm Ana Kilsəsində Katolik Kilsəsinin Azərbaycandakı Apostol Prefekturasının general vikarısi ata Yozüf Marek həlak olanların xatirəsinə həsr olunmuş Müqəddəs Messa keçirib.

“Bu gün biz şəhid olan əsgərlərin ruhuna dua etmək üçün Allahın Evinə toplaşmışıq. Təəssüf ki, bəşəri nifrət bu gənclərin həyatına son qoydu. Amma biz bilirik ki, Ədalətli və Mərhəmətli Allahın dərgahında ölüm yox, yalnız həyat var”, – deyərək ata Yozef Marek öz möizəsində vurğulayıb.