MÜQƏDDƏS PETER VƏ PAVEL BAYRAMI
Həvarilərin kitabından sözlər (Həv. kit. 12, 1-11)
O vaxtlar padşah Hirod cəmiyyətin bəzi üzvlərinə əzab verməyə əl atdı. Yəhyanın qardaşı Yaqubu qılıncdan keçirib edam etdirdi. Bundan Yəhudilərin razı qaldığını görüb üstəlik Peteri də tutdurdu. Bunu Mayasız Çörək bayramı vaxtında etdi. O, Peteri yaxalatdırıb hər birində dörd nəfər olmaqla dörd əsgəri dəstəyə təslim etdi; onu nəzarət altında saxlanmaq şərti ilə həbsxanaya saldırdı. Niyyətində tutmuşdu ki, Pasxa bayramından sonra xalq qarşısında onun məhkəməsini keçirsin. Peter buna görə həbsxanada saxlanırdı. Lakin imanlılar cəmiyyəti ciddi-cəhdlə onun üçün Allaha dua edirdi. Peter Hirodun onu məhkəməsini edəcəyi günün əvvəlki gecəsi iki əsgər arasında bir cüt zəncirə bağlanmış halda yatırdı. Qarovulçular da qapıda dayanıb həbsxananın təhlükəsizliyini qoruyurdu. Qəflətən Rəbbin bir mələyi göründü. Həbsxananın otağı işıqlandı. Mələk Peterin böyrünə vurub onu oyatdı və dedi: «Tez ol, qalx». O andaca Peterin biləklərindəki zəncirlər düşdü. Mələk ona dedi: «Qurşağını bağla, çarığını geyin». Peter belə də etdi. Mələk yenə dedi: «Əbanı geyin, ardımca gəl». Peter onun ardınca düşərək bayıra çıxdı. Amma mələyin etdiyinin həqiqiliyini başa düşmürdü, elə bilirdi ki, bir görüntü görür. Birinci, ikinci qarovulçunun yanından keçərək şəhərə açılan dəmir darvazaya çatdılar. Onların qarşısında darvaza öz-özünə açıldı. Onlar çıxıb küçə uzunu getdi. Birdən mələk Peterdən ayrıldı. O andaca özünə gələn Peter dedi: «Həqiqətən, indi başa düşdüm ki, Rəbb Öz mələyini göndərib. O məni Hirodun əlindən və Yəhudi xalqının mənim üçün etdiyi bu ümiddən qurtardı».
Z 34 (34, 2-3. 4-5. 6-7. 8-9 )
Nəqarat: Rəbb məni bütün qorxularımdan qurtardı.
Hər zaman Rəbbə alqış edəcəyəm, Ona daim mənim dilim həmd edəcək. Rəblə könlüm fəxr edir, ey məzlumlar, eşidib sevinin!
Gəlin, mənimlə birgə Rəbbi müqəddəs tutaq, Rəbbin ismini birgə ucaldaq. Rəbbə üz tutdum, O mənə cavab verdi, O hər bir dəhşətdən məni xilas etdi.
Rəbbə baxan nur saçar, üzü qızarmaz. Mən məzlum, Rəbbi çağırdım, O məni eşitdi, bütün əzablarımdan məni xilas etdi.
Rəbdən qorxanları Onun mələyi müdafiə edər, onlara zəfər verər. Dadın, görün Rəbb nə qədər şirindir, nə bəxtiyardır Ona pənah gətirənlər!
Müqəddəs Pavelin Timoteyə 2-ci məktubundan sözlər (2Tim 4, 6-8, 17-18)
Çünki qanım artıq maye təqdimi kimi tökülmək üzrədir. Artıq ayrılma zamanım gəldi. Mən yaxşı mübarizə aparmışam, yarışı bitirdim, imanı saxladım. İndi salehlik tacı mənim üçün hazır durur. Adil Hakim olan Rəbb gələcəyi gün onu mənə – yalnız mənə deyil, Onun zühuruna can atanların hamısına verəcək. Lakin Rəbb köməyimə gəlib mənə güc verdi ki, təbliğ işimi başa çatdırım və onu bütün millətlər eşitsin. Mən aslanın ağzından xilas oldum. Rəbb məni hər cür pislikdən qurtaracaq və Səmavi Səltənəti üçün xilas edəcək. Ona əbədi olaraq izzət olsun! Amin.
Müqəddəs Matta tərəfindən yazılan İsa Məsihin İncilindən sözlər (Mt 16, 13-19)
İsa Filip Qeysəriyyəsi bölgəsinə gəldiyi zaman Öz şagirdlərindən soruşdu: «Adamların dediyinə görə Bəşər Oğlu kimdir?» Onlar da dedilər: «Bəziləri Vəftizçi Yəhya, başqaları İlyas, digərləri isə deyirlər ki, Yeremya yaxud peyğəmbərlərdən biridir». İsa onlara dedi: «Bəs siz nə deyirsiniz? Sizcə Mən kiməm?» Şimon Peter cavab verdi: «Sən Var olan Allahın Oğlu Məsihsən». İsa ona cavab verib dedi: «Nə bəxtiyarsan, ey Yunus oğlu Şimon! Çünki bunu sənə bildirən ət və qan deyil, göylərdə olan Atamdır. Mən sənə deyirəm ki, sən Petersən (Petros sözü olub daş deməkdir) və Mən cəmiyyətimi bu Qayanın üzərində quracağam. Ölülər diyarının qapıları ona qalib gələ bilməyəcək. Səmavi Səltənətin açarlarını sənə verəcəyəm. Yer üzündə bağlayacağın hər şey göylərdə bağlanmış olur və yer üzündə açacağın hər şey göylərdə açılmış olur».