MÜQƏDDƏS TAXT-TACIN DÖVLƏT KATİBİ KARDINAL PİETRO PAROLİN AZƏRBAYCANA SƏFƏR EDƏCƏK

Ötən və cari illər Azərbaycan ilə Müqəddəs Taxt-Tac (Vatikan) arasında əlaqələrin iki mühüm ildönümü tarixləri ilə əlamətdardır. Belə ki, 2022-ci ildə Katolik Kilsəsinin Azərbaycandakı Apostol Prefekturası Roma Papası mqd. II İohann Pavelin ölkəmizə tarixi səfərinin 20-ci ildönümünü qeyd edib, 2023-cü ildə isə Vatikan ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi tamam olur. Kardinal Pietro Parolin həzrətlərinin səfəri bu iki əlamətdar tarixə həsr olunub.

Müqəddəs Taxt-Tacın Dövlət katibi Müqəddəs Taxt-Tacda ən yüksək inzibati vəzifəli şəxsdir. Kardinal- dövlət katibi Katolik Kilsəsinin ən qədim və ən mühüm qurumu olan Müqəddəs Taxt-Tacın Dövlət Katibliyinə nəzarət edir. Dövlət katibi Müqəddəs Taxt-Tacın siyasi və diplomatik fəaliyyətinə cavabdehdir, bütün Papa administrasiyasına rəhbərlik edir və bununla da Vatikanın baş naziri hesab edilə bilər.

Kardinal Pietro Parolin Bakıya iyulun 8-də gələcək. Dövlət səfəri çərçivəsində, bazar günü, iyulun 9-da, Kardinal həzrətləri Bakı şəhərinin mqd. Məryəm baş katolik kilsəsində Müqəddəs Messaya başçılıq edəcək.

İbadətlərin sonunda kardinal Pietro Parolin Azərbaycanda Katolik Kilsəsinin Apostol Prefekturasının ruhaniləri və əməkdaşları ilə görüşəcək.