MÜQƏDDƏS TAXT-TACIN DÖVLƏT KATİBİ ŞEYX-ÜL-İSLAM ALLAHŞÜKÜR PAŞAZADƏ İLƏ GÖRÜŞÜB

İyulun 10-da Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyx-ül-islam Allahşükür Paşazadə öz igamətgahında Müqəddəs Taxt-Tacın Dövlət katibi kardinal Pietro Parolinin şərəfinə ziyafət təşkil edib.

Tədbirdə Dövlət katibini səfərdə müşaiyət edən nümayəndə heyəti, siyasətçilər, millət vəkilləri, ölkənin ənənəvi dini icmaların rəhbərləri iştirak ediblər.

Ali qonağı salamlayan şeyx-ül-islam həzrətləri Müqəddəs Taxt-Tac ilə Azərbaycan Respublikasının, həmçinin Katolik Kilsəsi ilə Qafqaz Müsəlmanları İdarəsinin arasında olan münasibətlərin yüksək səviyyəsini vurğulayıb. Şeyxülislam Allahşükür Paşazadə etnik və dini müxtəliflik multikultural Azərbaycan dövlətinin milli sərvəti olduğunu deyib: “Sizin multikultural dəyərlər ölkəsi Azərbaycana dəvəti qəbul edərək etdiyiniz səfər Azərbaycan-Vatikan əlaqələri tarixində mövcud yüksək səviyyəli münasibətlərin daha da möhkəmlənməsinə səbəb olacaqdır, inşallah”.

Sonra Müqəddəs Taxt-Tacın Dövlət katibi kardinal Pietro Parolin çıxış edib. O diqqətə çatdırılıb ki, Azərbaycan və Müqəddəs Taxt-Tac arasında çox gözəl əlaqələr mövcuddur: “Mən Azərbaycan Respublikasının hökumət üzvlərinə öz təşəkkürümü çatdırıram. Müqəddəs Taxt-Tac və Azərbaycan humanitar məsələlərdə, xüsusilə də təhlükəsizlik və davamlı sülh məsələlərində eyni mövqe sərgiləyir. Azərbaycan multikultural dövlət kimi çox yüksəklərdən parıldayır. Katolik kilsəsinin burada gözəl bir harmoniyada yaşaması da bu dəyərlərin yüksək təcəssümüdür. Mən ən gözəl arzularımı Azərbaycana çatdırır, bu ölkəyə daim sülh arzu edirəm”,- deyə o qeyd edib.