Müqəddəs Taxt-Tacın Qriqorian Pontifik Universitetində “Azərbaycanda xristianlıq: tarix və müasirlik” mövzusunda 12-ci beynəlxalq elmi konfrans keçirilib
Aprelin 10-da Müqəddəs Taxt-Tacın Qriqorian Pontifik Universitetində “Azərbaycanda xristianlıq: tarix və müasirlik” mövzusunda 12-ci beynəlxalq elmi konfrans keçirilib
Forum Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix və Etnologiya İnstitutu, Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacdakı Səfirliyi və Azərbaycan Alban-Udi Xristian İcmasının birgə təşkilatçılığı ilə keçirilib.
Konfransda Azərbaycan, Rusiya, İtaliya, Türkiyə, Qazaxıstan, Özbəkistan, Cənubi Koreya, Polşa, Gürcüstan, Almaniya, Fransa, Malta, Kanada, ABŞ və Litvadan alimlər iştirak edirlər.
Dinlərarası Dialoq üzrə Dikasteriyanın prefekti kardinal Corc Yakob Koovakad və Şərq Kilsələri üzrə Dikasteriyanın prefekti kardinal Klaudio Qucerotti konfransın iştirakçılarına salamlama məktublarını göndəriblər.
Konfransın açılış mərasimində çıxış edən Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfiri İlqar Muxtarov bildirib ki, konfrans Azərbaycanda xristianlığın, dini müxtəlifliyin və multikulturalizmin zəngin tarixinin araşdırılmasına həsr olunub. Diplomat qeyd edib ki, Avropa və Asiyanın kəsişməsində yerləşən Azərbaycan uzun müddətdir ki, müxtəlif sivilizasiyaların, mədəniyyətlərin və dinlərin qovuşduğu məkan olub. Bu baxımdan, belə bir mühüm tədbirin nüfuzlu Qriqorian Pontifik Universitetində keçirilməsi xüsusi əhəmiyyət kəsb edir.
“Zəngin və çoxşaxəli tarixi boyu xristianlıq bu bölgənin mədəni və mənəvi mənzərəsinin formalaşmasında mühüm rol oynayıb. Müasir dövrümüzə qədər uzanan qədim xristian kilsələri, monastırlar və məbədlər ölkəmizdə xristianlığın necə tarixi əlaqələrə malik olduğunu əyani şəkildə göstərir”, – deyə İlqar Muxtarov bildirib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov çıxışında qeyd edib ki, Azərbaycan müsəlman ölkəsi kimi tanınır, ölkə əhalisinin təxminən 95 faizi islam dininə mənsubdur, lakin islam irsi ilə yanaşı, ölkənin zəngin xristian irsi də yüksək səviyyədə qorunur və öyrənilir.
“Biz fəxrlə deyə bilərik ki, Azərbaycanda mədəni və dini müxtəliflik qorunub saxlanılır”, – deyə Rəvan Həsənov çıxışında vurğulayıb.
Konfransda Azərbaycanda Katolik Kilsəsinin apostol prefekti yepiskop Vladimir Fekete də iştirak edib. Yepiskop Fekete forumda çıxış edərək, ölkədə Katolik Kilsəsinin tarixi mövcudluğu, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra katolik icmasının keçdiyi dirçəliş mərhələləri və ölkə katoliklərinin bu günü haqqında danışıb.
“Katolik Kilsəsi Azərbaycanda öz fəaliyyətini azad şəraitdə həyata keçirir. Biz cəmiyyətin inkişafına töhfə verməyə çalışır, ölkədə dinlərarası sülhün və harmoniyanın qorunub saxlanılması və möhkəmləndirilməsində, mənəvi dəyərlərin təşviq edilməsində digər dini icmalarla fəal əməkdaşlıq etməyə, cəmiyyətdə sülh quruculuğu təşəbbüslərini təşviq etməyə çalışırıq”, – deyə yepiskop Fekete bildirib.



