MÜQƏDDƏS CÜMƏ AXŞAMI: PASXA ÜÇGÜNLÜYÜNÜN BAŞLANĞICI

2 aprel tarixində Müqəddəs Məryəm kilsəsində Rəbbin Son Şam Süfrəsinin xatirəsinə həsr olunmuş təntənəli Müqəddəs Messa qeyd olundu. Bu ibadət Müqəddəs Pasxa Üçgünlüyünün  (Triduum) başlanğıcını təşkil edir.

Yevxaristik ibadətə Azərbaycanda Katolik Kilsəsinin apostol prefekti Vladimir Fekete başçılıq etdi. Onu Apostol Prefekturasının general vikarisi ata Yozef Marek (SDB), kilsənin baş keşişi ata Martin Bonkalo (SDB), və Allahın Əqdəs Validəsi prixodunun keşişləri müşayiət etdilər.

İmanlılara vəz ilə müraciət edən general vikariy Yozef Marek bu gün xatırlanan üç böyük ənamı  – Yevxaristiya, məhəbbətdə xidmət və keşişliyi vurğuladı.

Məsihin Öz nümunəsinə uyğun olaraq, yepiskop Vladimir Fekete on iki imanlının ayaqlarını yudu. Bu qədim ayin Kilsədə hər cür hakimiyyət və yüksək məqamın hökmranlıq üçün deyil, başqası uğrunda özünü fəda etməyə qədər gedən məhəbbətlə xidmət üçün verildiyini bir daha nümayiş etdirir.

Liturgiyanın sonunda Əqdəs Ənamlar təntənəli şəkildə “zindan” adlanan yerə köçürüldü. Bu, imanlıların Rəbbin yanında sükut və oyaqlıq içində qalaraq Onun Getsemani bağındakı əzablarını xatırladıqları dua məkanıdır.