MÜQƏDDƏS MƏRYƏM KİLSƏSİNDƏ PAPA FRANSİSKİN RUHUNA MÜQƏDDƏS MESSA KEÇİRİLİB
Aprelin 24-də, Pasxa Həftəsinin cümə axşamı günü, Müqəddəs Məryəm kilsəsində, 21 aprel 2025 il tarixində ömrünün 89-cu yaşında vəfat etmiş Papa Fransiskin ruhuna Müqəddəs Messa keçirilib. İbadətə Azərbaycanda Katolik Kilsəsinin apostol prefekti, yepiskop Vladimir Fekete başçılıq edib.
“Papa Fransisk müqəddəs inancımızın həqiqətlərinə sadiq qalan yaxşı çoban nümunəsi idi, lakin o hər zaman, müxtəlif səbəblərdən cəmiyyətin kənarında qalan insanlar haqqında düşünürdü: biz bu insanların özlərini Kilsədə təcrid olunmuş kimi hiss etməmələrini necə təmin edə bilərik?” – yepiskop Papa Fransiskin mənəvi irsinə həsr olunmuş vəzində bildirib.
Mərhum pontifikin Azərbaycana apostol səfərini xatırladan yepiskop Vladimir Fekete Roma Papası Fransiskin Cənubi Qafqaza göstərdiyi diqqət və dualı qayğısını qeyd edib.
“Fəxr edə bilərik ki, buradan, bu kürsüdən Roma Papası Fransisk bizə moizə ilə müraciət edib. O, pontifikliyi dövründə nə vətəni Argentinanı ziyarət etdi, nə də çoxsaylı katoliklərin yaşadığı bir sıra böyük dövlətlərə apostol səfərləri etdi. Amma 2016-cı ildə Papa Fransisk bizim yanımıza, Azərbaycana gəldi. Bununla o, ölkəmizə hörmətini, və hər şeydən əvvəl bizə – Məsihin bu torpaqda yaşayan “kiçik sürüsünə” olan yaxınlığını və ata qayğısını göstərdi. Mənim Müqəddəs Ata ilə çoxlu görüşlərim olub və o hər dəfə soruşurdu: bölgənizdə sülh yaxındırmı? Roma Papası Fransisk təkidlə deyirdi: “Dua edin, dayanmadan dua edin ki, Azərbaycan və Ermənistan çoxdan gözlənilən sülhə nail olsun”.
Messanın sonunda Papa Fransiskin ruhu və yeni pontifikin seçilməsi üçün dualar oxundu.








