NİC QƏSƏBƏSİNDƏ MÜQƏDDƏS ALİ-HƏVARİLƏR PETER VƏ PAUL BAYRAMI QEYD EDİLİB

NİC QƏSƏBƏSİNDƏ MÜQƏDDƏS ALİ-HƏVARİLƏR PETER VƏ PAUL BAYRAMI QEYD EDİLİB
İyunun 29-da, Müqəddəs Ali-Həvarilər Peter və Paulun bayramı günündə Azərbaycanın apostol prefekti, yepiskop Vladimir Fekete həzrətlərinin başçılığı ilə Azərbaycandakı Katolik Kilsəsinin bir qrup ruhaniləri, rahibləri və imanlıları Qəbələ rayonu Nic qəsəbəsinə zəvvar səfəri edib.
Yerli xristian rəvayətinə əsasən müqəddəs həvarilər Taddayın və Yaqubun şagirdi olmuş müqəddəs Yelisey (Elişa) kilsəsində Bakı katoliklərini Alban-udi xristian icmasının sədri Robert Mobili, icmanın ruhani rəhbəri Rafiq Danakari və qəsəbə sakinləri səmimiyyətlə qarşıladılar.
Alban-udi icmasının dəvəti ilə yepiskop Vladimir Fekete udi dilində keçirilən Rəbb günü ibadətində iştirak etdi. Səmimi qəbula görə Alban-Udi icmasına təşəkkür edən yepiskop Vladimir Fekete Azərbaycanda Katolik Kilsəsinin Apostol Prefekturasının təşəbbüsü ilə azərbaycan dilində nəşr olunmuş Bibliyanın deuterokanonik kitabları toplusunu icmaya hədiyyə etdi.
Həmin gün Nic qəsəbəsinin müq. Yelisey kilsəsində yepiskop Vladimir Fekete-nin başçılığı ilə Müqəddəs Ali-Həvarilər Peter və Paul bayramı Messası keçirildi. İbadət zamanı yepiskopu Prefekturanın general vikarısi ata Yozef Marek, Müqəddəs Məryəm kilsəsinin keşişləri ata Selva Kumar və ata Emil Şafar müşayiət ediblər.
Müqəddəs Ayində Alban-Udi xristian icmasının sədri Robert Mobili, icmanın dini rəhbəri Rafiq Danakari və kilsənin üzvləri də iştirak ediblər.
Yepiskop Vladimir Fekete kilsəyə toplaşanlara vəz ilə müraciət edib.
“Bu gün Katolik Kilsəsi üçün böyük bir bayramdır: biz, İsa Məsih naminə şəhidliyi qəbul edən müqəddəs ali-həvarilər Peter və Paulu hörmətlə anırıq. Onların həyatları Rəbblə görüşdükdən sonra tamamilə yeniləndi və məna qazandı. Müqəddəs İoann Pavel II bir dəfə bu haqda belə demişdi: “Hər iki həvarinin çağırışını və şəxsi tarixini nəzərdən keçirsək, görərik ki, onların həvari və missioner enerjisi iman gətirmələrinin dərinliyi ilə mütənasib olub. İnsan zəifliyinin acı təcrübəsi ilə sınaqdan keçirilərək, onlar Rəbb tərəfindən təmizləndi və xilas edildi. Alçaldıcı xəyanət və onu daxilən saflaşdıran tövbə göz yaşları ilə Şimon Peterə, yəni “qayaya” çevrilə bildi: Ruhdan güc alaraq İsaya üç dəfə məhəbbətini etiraf etdi və Məsihin sürüsünü otarmağa təyin edildi. Şaul da belə bir hadisə yaşadı: təqib etdiyi Rəbb Dəməşqə gedən yolda onu “öz lütfü ilə çağırdı”. Şaul millətlərin həvarisi olan Paul oldu. Müqəddəs Peter və Paul öz nümunələri ilə göstərir ki, Rəbbin nəzərləri bizi səhvlərimizin fövqündədir. O, hər zaman bizə yeni həyat bəxş etmək istəyir”, – dedi yepiskop Vladimir.
Həvari Peterin və onun xələflərinin xidmətinə toxunan yepiskop Vladimir dedi: “Son bir neçə ay ərzində mən Romaya bir neçə dəfə səfər etmişəm. Bu şəhər Roma İmperiyasının keçmiş əzəmətini özündə qoruyub saxlayaraq bütün dünyanın diqqətini cəlb etməkdə davam edir. Qədim Romanın dövlət və hərbi qüdrəti, onun imperatorlarının mütləq hakimkiyyəti ilə müqayisədə, Qalileyalı balıqçı Peter tamamilə əhəmiyyətsiz görünürdü. Lakin Romaya son səfərimdə mən Roma imperatorunu deyil, Peterin 267-ci varisi olan Papa Leo-nu salamlamaq şərəfinə nail oldum. Əlbəttə, biz bilirik ki, dirilərin və ölülərin yeganə Rəbbi və Hakimi Rəbbimiz İsa Məsihdir. Bəs Peterin bütün bunlarla nə əlaqəsi var? Lakin Rəbb Cənnətin açarlarını ona əmanət edir, Özündən sonra dünyada Kilsəsi qoyub gedir ki, Kilsə, yer üzündəki bütün insanlara iman və xilası tapmağa kömək etsin. Məsihin Bədənini və Qanını – Müqəddəs Yevxaristiyanı qoruyan və paylayan Kilsədir; günahların bağışlanmasını və ümidi bəxş edən Kilsədir. Kilsə, hər zaman bizimlə olan Rəbb İsanı varlığını nəsildən-nəslə bəyan etmək üçün dünyada mövcuddur. Əlbəttə ki, Kilsənin “əlaməti” gözə görünəndir və Rəbbin Özü istəyirdi ki, Kilsə təkcə ruhani deyil, həm də görünən bir reallıq olsun. Papalar, yepiskoplar, keşişlər, kilsə strukturları həmişə səmərəli olmaya bilər, lakin Səmavi Padşahlığa daxil olmaq üçün Peter və onun varislərinin himayəsinə tapşırılmış Kilsənnin – bu böyük Sirrin şəriki olmaq lazımdır”.
Müqəddəs Messa zamanı Azərbaycan katolikləri Kilsə və onun başçısı Papa XIV Leo üçün, Azərbaycanın firavanlığı və xalqının rifahı, udi icmasının dini-mənəvi dirçəlməsi, dünyada bütün münaqişələrin sülh ilə bitməsi üçün dua ediblər.
Birlikdə edilən duanın xatirəsi kimi yepiskop Vladimir Fekete müqəddəs Yelisey kilsəsinə İsanın Əqdəs Ürəyi ikonasını bağışladı. İcmanın sədri Robert Mobili Azərbaycanın udi icmasına qardaşlıq münasibətinə və dəstəyə görə yepiskop Vladimirə və Azərbaycanda Katolik Kilsəsinin Apostol Prefekturasına minnətdarlığını bildirdi.
Zəvvar səfərinin sonunda, kilsənin ərazisində qardaşlıq süfrəsi təşkil edildi.