Nihad Nicholas: “AZƏRBAYCAN BAYRAQLARI İLƏ BİRLİKDƏ VATİKANIN MÜQƏDDƏS MƏKANLARINA AYAQ BASMAQ BİZİM ÜÇÜN BÖYÜK BİR QÜRUR HİSSİ İDİ” – müq. II İoann Pavel kilsəsi gənclərinin Yubiley 2025 ziyarəti haqqında

Mart ayının başlanğıcı Azərbaycanlı gənclər üçün unudulmaz və mənəvi cəhətdən dərin bir səyahətin başlanğıcı oldu. Baş keşişimizin rəhbərliyi ilə Roma şəhərinə zəvvar ziyarətinə yola düşdük. Məqsədimiz yalnız tarixi kilsələri gəzmək və onların möhtəşəmliyini görmək deyildi. Biz bu səfərə ruhumuzu saflaşdırmaq, imanımızı gücləndirmək və xalqımız, dövlətimiz, dünyada sülh və şəxsi niyyətlərimiz üçün dualar etmək məqsədilə yollanmışdıq.

Romada bizi müqəddəs məkanlarla dolu, tarixin minillik izlərini daşıyan küçələr, dərin mənəviyyat və ruhani hisslərlə dolu anlar gözləyirdi. Hər addımda xristianlığın ilk dövrlərindən bu günə qədər qorunan irsə şahid olmaq, bu məkanlarda dua etmək bizə böyük bir ruhani qida oldu.

Səfərimizin ilk dayanacağı xristian dünyasının ən mühüm müqəddəs əmanətlərindən birini qoruyan Müqəddəs Xaç Bazilikası (Basilica di Santa Croce in Gerusalemme) oldu. Burada İsa Məsihin çarmıxa çəkildiyi xaçın qalıqları saxlanılır. Hələ məbədin içəri girən kimi oradakı dərin sakitlik və ilahi aura bizi təsir altına aldı. Xaç qalıqlarına ehtiram etdik, dua etdik və özümüzü İsanın çəkdiyi iztirablara daha yaxın hiss etdik. Bu məqam hər birimizin ruhuna toxundu və inanırıq ki, orada etdiyimiz dualar Allah tərəfindən eşidildi.

Sonrakı dayanacağımız isə Lateran Bazilikası (Basilica di San Giovanni in Laterano) oldu. Bu məkan təkcə möhtəşəmliyi ilə deyil, həm də tarixi əhəmiyyəti ilə seçilir. Çünki bu kilsə Roma Papalarının rəsmi taxt bazilikası hesab olunur və “Bütün Kilsələrin Anası” adlanır. Burada birgə dua etdik, Allahdan mərhəmət dilədik və şəxsi niyyətlərimizi Ona həvalə etdik.

Növbəti dayanacaqlarımız arasında Müqəddəs Məryəmin Böyük Bazilikası (Basilica di Santa Maria Maggiore) var idi. Bu kilsə Məryəm Anaya həsr olunan ilk kilsədir və buna görə xristianlar üçün çox vacibdir. Roma küçələrində gəzdikdən sonra 12 Həvari kilsəsini (Basilica dei Santi XII Apostoli) ziyarət etdik. Xüsusilə 12 Həvari kilsəsində baş keşişimizin iştirak etdiyi Müqəddəs Messa bizim üçün unudulmaz oldu. Hər birimiz bu ayində iştirak edərək imanımızı daha da gücləndirdik və dualarımızı Tanrıya təqdim etdik.

Səfərimizin ən mühüm məqamlarından biri isə Vatikana ziyarət oldu. Həmin gün səhərdən axşama qədər durmadan yağış yağdı və ziyarətimizdə Rəbbin bərəkətini hiss etdik. Səhər tezdən yola çıxdıq və böyük həyəcanla Müqəddəs Peter Bazilikasına daxil olduq. Azərbaycan bayraqları ilə birlikdə Vatikanın müqəddəs məkanlarına ayaq basmaq bizim üçün böyük bir qürur hissi idi. Bir çox zəvvarlar bizi maraqla izləyir, sevinclə “Siz hansı ölkədənsiniz?” deyə soruşurdular. Bu, bizim üçün həm unudulmaz, həm də mənəvi cəhətdən dərin bir an idi.

Bazilikaya daxil olduqdan sonra Heydər Əliyev Fondunun bərpa etdiyi “Roma Papası I Leon ilə Hun imperatoru Atillanın görüşü” barelyefi xüsusi diqqətimizi çəkdi. Müqəddəs Peter Bazilikasında dua etdik, öz niyyətlərimizi səsləndirdik və dualarımızı Tanrıya ərz etdik. Bazilikadan çıxdıqdan sonra kilsənin qarşısında yerləşən səfirliyimizin qarşısından keçərək Vatikandan çıxış etdik.

Vatikan ziyarətindən sonra Müqəddəs Paul Bazilikasına (Basilica di San Paolo Fuori le Mura) yollandıq. Yağış hələ də davam edirdi. Buna baxmayaraq, sanki yağışın özü də bu ruhani anları daha təsirli edirdi. Bazilikaya çatdıqda içəri daxil olduqdan sonra bizi ilahi hüzur və istilik bürüdü. Burada Müqəddəs Messa baş keşişimizin iştirakı ilə baş tutdu və dualarımız bir daha Allah dərgahına yüksəldi.

Səfərimizin sonuncu günü Müqəddəs Lavrenti Kilsəsinə (San Lorenzo fuori le Mura) yönəldik. Burada Müqəddəs Lavrentinin məzarını ziyarət etdik və Azərbaycan xalqı, dövlətimiz və bütün dünya üçün dua etdik. Hər birimiz bu səyahətin təkcə bir zəvvar səfəri deyil, eyni zamanda ruhani bir təmizlənmə və mənəvi güclənmə olduğunu hiss etdik.

Bu ziyarət bizim üçün günahların bağışlanması və mərhəmət ziyarəti oldu. Biz Allahın sonsuz məhəbbətini bir daha hiss etdik və Ona daha da yaxınlaşdıq. Müqəddəs məkanları gəzərkən Allahın böyüklüyünü, imanımızın dərinliyini və Onun bizə bəxş etdiyi mərhəməti daha çox dərk etdik.

Biz inanırıq ki, bu dualar boşa getməyəcək. Allahdan xalqımız, dövlətimiz və bütün dünya üçün sülh və bərəkət dilədik. Bu ziyarət bizim üçün tək olan Uca Yaradanın hüzurunda ruhani bir ziyarət idi və biz bu müqəddəs səfərdən güclənmiş, imanımızı daha da möhkəmləndirmiş halda geri döndük.