O, BET-LEXEMDƏ… VƏ MƏNIM QƏLBIMDƏ DOĞULDU (Milad dövrünün sonunda düşünümə)

O, BET-LEXEMDƏ… VƏ MƏNIM QƏLBIMDƏ DOĞULDU

Milad dövrünün sonunda düşünümə

“Bu həftə artıq Milad hədiyyələrini almaq lazımdır”, “görəsən rəfiqəmə nə hədiyyə edim?”, “təəssüf ki, maral şəkilli fincanlar artıq bitib” … Ən vacib bayram ərəfəsində ağlımızda nə qədər fərqli-fərqli fikirlər var! Hamımıza artıq hədiyyə olunub, həm də düz 2020 il əvvəl, Bet-Lexemdə. Bu, elə bir hədiyyədir ki, qutuya yerləşmir, onu heç “online sifariş” də vermək olmur. Bu hədiyyə Allahın sevgisidir.

Bu sevgi əbədidir. Zaman, yer, məkan – bütün bunların Onun üçün heç bir fərqi yoxdur. Gedəcəyimiz elə bir yer yoxdur ki, orada Onun sevgisi bizə yetişməsin. Bu məhəbbət o qədər ucadır ki, bütün səhvlərimizdən, qəbul etdiyimiz yanlış qərarlardan üstün olmağa və “Mən hələ də səni sevirəm” deməyə qadirdir.

İsa Allah haqda olan yanlış təsəvvürü aradan qaldırmaq üçün gəldi. Kəlam deyir: “Allahı heç kəs heç vaxt görməyib, amma Atanın qucağında olan və Allah olan vahid Oğul Onu tanıtdı” (Yəh. 1:18). İsa bizim Allahla ünsiyyətimizi gerçək edir. Bunun sayəsində də Allahın bizi hardansa seyr etmədiyini, lakin Onun Emmanuel (“Allah bizimlədir”) olduğunu dərk edirik. Allah bizə mələk və ya köməkçisini göndərmədi, Özü şəxsən yanımıza gəldi. Ən çıxılmaz vəziyyətdə, necə davam edəcəyimizi bilmədiyimiz halda belə O bizimlədir. Biz şadlananda yanımızda olan da həmin Allahdır. Biz Allahın necə olduğunu, necə sevdiyini və hiss etdiyini, Onun fikirlərini yalnız İsaya baxanda görürük. İsa özünə inanmayanlara inanırdı və həmişə sarsılmış, ümidsiz görünən insanların yanında idi.

Bir anlıq özünüzü o çobanların yerində təsəvvür edin. Bütün günü qoyun-quzu otaran adi çobanların. Həmin axşam onlar bir yerə toplaşıb, söhbətləşirdilər. Hər şey adi günlərdə olduğu kimi idi, onlar nə baş verəcəyini ağıllarına belə gətirə bilməzdilər.

Qəribə olan odur ki, Allah hamıdan əvvəl məhz bu çobanları yeni doğulmuş Rəbbin yanına gedib onu salamlamağa çağırmışdı. Bu, Allahın gözündə hər kəsin bərabər olduğunu göstərir. Allah “sevimli” və “xüsusi” insanları seçmir, bu qətiyyən belə deyil. O, hər bir insanın dəyərini və ləyaqətini görür və hamımızın – zəngin və ya yoxsulların, güclü və ya zəiflərin itaətkarlıqla və məhəbbətlə Ona doğru gəlməsini istəyir.

Milad Allahın biz insanların vəziyyətinə daxil olduğu və bununla da həyatda hiss etdiyimiz hər şey ilə Özünü eyniləşdirdiyi bir vaxtdır. Allah özünü ən dərin şəkildə aşağı tutdu ki, biz Onu mükəmməl sevgisi ilə birlikdə dərk edək.

Sonda Müqəddəs Atanın 2021-ci ilin ilk Rəbb günü vəzindən sitat gətirmək istərdim: “Gəlin, çəkinmədən onu evimizə, ailəmizə dəvət edək, həmçinin zəifliklərimizdə də Onu yaralarımızı görməsi üçün çağıraq. O, gələcək və həyatımız dəyişəcək”.

 

Afət Əfəndiyeva