OKTYABR AYI – ROZARİ DUASI AYIDIR

Müqəddəs Ruhun təsiri ilə ikinci minillikdə ərsiyə gələn Bakirə Məryəmin Rozarisi bir çox müqəddəslərin sevimli duasıdır. Rəvayətə görə, Məryəm Ana 1214-cü ildə mqd. Dominik de Quzman-ın qarşısında zühur edir və ona Rozari duasını öyrənir. Artıq XVI əsrdə Rozari katolik dünyasında geniş yayılmışdır. Özünün “Consueverunt Romani Pontifices” bullası ilə roma papası V Pius Rozari duasını bütün Kilsə üçün təsdiq edir və onun oxuma qaydasını (3 hissə, 15 sirr) müəyyən edir. Həmin papa 1572-ci ildə 7 oktyabr gününü Fövqələqdəs Müzəffər Məryəmin Bayramı kimi elan edir.  Onun sələfi, papa XIII Qriqorius, bayramın adını “Rozarinin Mələkəsi Bakirə Məryəm” adına dəyişir və bu bayram 1716-cı ildə papa Klemens tərəfindən bütün Katolik Kilsəsi üçün təsdiq edilir.

2002-ci ildə roma papası II İohann Pavel mövcud olan üç hissəyə dördüncüsünü  – nurlu sirrləri – əlavə edir.

Öz sadəliyi və dərin mənasına görə Rozari bu gün də çox əhəmiyyətli dua olaraq qalır və müqəddəslik bəhrələrini gətirir. Lurd (1858) və Fatima (1917) şəhərlərində zühuru zamanı Məryəm Ana bütün insanları bu duanı etməyə çağırıb.

Rozarinin kilsədə və ibadətgahda, ailədə və ya imanlılar icmasında şüurlu şəkildə, inamla, hər sirrin üzərində düşünərək oxunması, bütün digər adi şərtlərin yerinə yetirilməsi ilə, tam indulgensiya bəxş edə bilər.

“Rozari”  –  “qızılgül çələngi” deməkdir. Müqəddəs Rozari düşüncələrdən və dualardan ibarət səmavi çələngi xatrladır. Rozari  təsbeh ilə oxunur, şifahi və fikri duanın birləşməsidir. Rozarini həmçinin “Məryəmin məktəbi” adlandırırlar və bu “məktəbdə” xristianlar Məsihin gözəl Surətini seyr etməyə və Onun məhəbbətinin dərinliyini yaşamağa cəlb olunur. Rozari vasitəsilə xristian imanlı lütfün bolluğuna nail olur, sanki həmin lütfü o bir başa  Xilaskar Anasının əllərindən alır. Bir Ana kimi Məryəm Oğlu olan Məsihdən hər şey diləyə bilər və Məryəmə ünvanlanan dualar onun Ana vasitəçiliyinə imanımızdan irəli gəlir.

Rozari duası zamanı Məryəmə müraciət etdiyimiz anda O, Müqəddəs Ruhun Məbədi olaraq (Lk 1, 35) Onu lütfün külliyatı ilə təqdis etmiş Atanın və bətnindən doğulan Oğunun hüzurunda dayanır  və bizimlə bərabər bizə görə dua edir.

Bizim Məryəmə olan ehtiramımız Məsihin Fövqələqdəs Anası ilə ayrılmaz bağların dərk edilməsindən  ilham alır.  Müəyyən dərəcədə Məsihin sirrləri – Məryəmin sirrləridir, hətda Məryəm onların bir başa iştirakçısı olmasa belə, çünki Məryəm Məsihlə və Məsih üçün yaşayır.  “Salam, mübarək Məryəm” duasında ali-mələk Cəbrayılın və mqd. Elizavetin sözləri bizim sözlərimizə dönür və biz yenə və yenə Məryəmdə, Onun ağuşunda “Onun Bətninin mübarək Səmərəsini” (Lk 1, 42)  axtarmağa sövq olunuruq.

___________________________________

Fikirlər roma papası mqd. II İohann Pavelin 2022-ci il tarixli  “Rosarium Virginis Mariae” apostol müraciətindən götürülüb.