“Ölkə rəhbərliyinin Katolik Kilsəsinin Azərbaycanın inkişafına yönələn fəaliyyətinə verdiyi önəmə görə minnətdarıq” – yepiskop Vladimir Fekete

 Azərbaycanda Katolik Kilsəsinin apostol prefekti yepiskop Vladimir Fekete Romada Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyx-ül-islam Allahşükür Paşazadə həzrətlərinin başçılıq etdiyi Azərbaycanın dini liderlərindən ibarət nümayəndə heyətinin Vatikana səfərinin yekunlarına həsr edilmiş mətbuat konfransında çıxış edib.
Jurnalistlərin suallarını cavablandıran monsenyor Fekete qeyd edib ki, Müqəddəs Taxt-Tac ölkəmizlə diplomatik əlaqələr quran ilk dövlətlərdən biri olub.
“Azərbaycanla Vatikan arasında münasibətlər durmadan inkişaf edir və buna Papa II İohann Pavelin və Roma Papası Fransiskin Azərbaycana tarixi səfərləri böyük töhvə vermişdir. Eyni zamanda həmin səfərlər münasibətlərin yüksək səviyyəsini sübut edib. Biz əminliklə deyə bilərik ki, bu münasibətlər ən yüksək həddə çatıb”, – deyə mons. Fekete bildirib.
Yepiskop Vladimir Fekete Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyx-ül-islam Allahşükür Paşazadənin Vatikana səfərini və Roma Papası Fransisk ilə görüşünü Katolik Kilsəsi ilə Azərbaycan arasında əməkdaşlığın və qarşılıqlı hörmətin mühüm göstəricisi adlandırıb.
Azərbaycanda Katolik Kilsəsinin başçısı səfər zamanı keçirilmiş görüşlərlə bağlı təəssüratlarını bölüşüb:
“Həm Müqəddəs Ata ilə görüş, həm də Vatikan rəsmiləri: Müqəddəs Taxt-Tacın Dövlət Katibi kardinal Pietro Parolin, Dinlərarası Dialoq üzrə Papa Şurasının rəhbəri kardinal Migel Ayuso və başqaları ilə görüşlər yüksək səviyyədə, rəsmi protokolla yanaşı, səmimi dostluq və qarşılıqlı hörmət mühitində keçdi. Bu da Azərbaycanın Vatikan ilə münasibətlərdə əldə etdiyi anlaşma və qarşılıqlı etimadın səviyyəsini bir daha vurğulayır”, – deyə, mons. Fekete bildirib.
Yepiskop Vladimir Fekete çıxışında mətbuat konfransı iştirakçılarının diqqətini Azərbaycanın ənənəvi dəyərlərin qorunub saxlanmasına, o cümlədən çoxmillətli və çoxkonfessiyalı Azərbaycan xalqının mənəvi irsinin qorunub saxlanmasına və inkişafına verdiyi önəmə yönəldib.
“Azərbaycan müasir, dünyəvi dövlətdir və ölkə rəhbərliyi bunu hər zaman vurğulayır. Lakin, eyni zamanda, Azərbaycanda hakimiyyət cəmiyyətin inkişafı üçün ənənəvi və mənəvi dəyərlərin əhəmiyyətini nəzərə alan siyasət aparır. Prezident İlham Əliyev tez-tez qeyd edir ki, öz milli-mənəvi irsinə dəyər verməyən xalqın gələcəyi ola bilməz. Və bu mənada biz Azərbaycanın katolikləri olaraq Azərbaycan rəhbərliyinin dəstəyini və qayğısını hər zaman hiss edirik və Prezident İlham Əliyevin simasında ölkə rəhbərliyinin Katolik Kilsəsinin Azərbaycanın inkişafına yönələn fəaliyyətinə verdiyi önəmə görə minnətdarıq” -, deyə, yepiskop Vladimir Fekete vurğulayıb.