Ölüləri xatırlama günü
Makabelərin 2-ci kitabından sözlər (2Mak 12, 43-46)
O vaxt, igid Yaqub pul topladıqdan sonra ölülərin günahlarının əfvi üçün bir qurban təqdim edilsin deyə, Yerusəlimə iki min gümüş pul göndərdi. Bu uca və nəcib davranış Yaqubun ölülərin dirilişi ilə bağlı imanını göstərdi. Həqiqətən, müharibədə ölənlərin bir gün diriləcəklərinə inanmasaydı, ölülər üçün edilən dua və qurbanlar yersiz və boş yerə edilmiş olacaqdı. Amma igid Yaqub, imanla ölən insanların böyük bir qarşılıq alacaqlarına inanırdı. Bu səbəblə, ölülər günahlardan qurtulusun deyə, bir qurbanın təqdim edilməsini istəmişdir.
Z 23, 1-6
Nəqarat: Rəbb mənim çobanımdır, möhtac olmaram.
Rəbb mənim çobanımdır, möhtac olmaram. O məni yaşıl çəmənlərdə dincəldir, sakit axan sular kənarında gəzdirir. Məni yenə də canlandırır, İsmi şərəfinə salehlik yolu ilə aparır.
Qaranlıq dərədə gəzsəm belə, şərdən qorxmaram, çünki Sən mənimləsən, Sənin əsan, Sənin dəyənəyin mənə təsəlli verir. Düşmənlərimin qarşısında mənim üçün süfrə açırsan, başıma ətirli yağ çəkirsən, ağzınadək camımı doldurursan.
Bəli, bütün həyatım boyu yaxşılıq, məhəbbət məni izləyir. Bütün ömrüm boyu Rəbbin evində yaşayacağam!
Müqəddəs Pavelin Romalılara məktubundan sözlər (Rom 8, 31-35, 37-39)
Bəs bunlar barədə nə deyə bilərik? Əgər Allah bizimlədirsə, kim bizə qarşı dura bilər? O Öz Oğlunu belə, əsirgəməyib Onu hamımızın uğrunda ölümə təslim etdisə, Onunla birgə bütün şeyləri də bizə bəxş etməyəcəkmi? Allahın seçdiyi adamları kim ittiham edə bilər? Onları saleh sayan Allahdır! Məhkum edən kimdir? Ölmüş, üstəlik dirilmiş Məsih İsa həm Allahın sağındadır, həm də bizim üçün vəsatətçilik edir. Məsihin məhəbbətindən bizi kim ayıra bilər? Əziyyətmi, sıxıntımı, təqibmi, aclıqmı, çılpaqlıqmı, təhlükəmi, qılıncmı? Lakin bizi Sevənin vasitəsilə bütün bunlara üstün gəlib qalib oluruq. Çünki əminəm ki, nə ölüm, nə həyat, nə mələklər, nə başçılar, nə indiki, nə də gələcək şeylər, nə qüvvələr, nə ucalıq, nə dərinlik, nə də başqa bir məxluq bizi Allahın Rəbbimiz Məsih İsada olan məhəbbətindən ayırmağa qadir olmayacaq.
Müqəddəs Yəhya tərəfindən yazılan İsa Məsihin İncilindən sözlər (Yh 14, 1-6)
Qoy ürəyiniz narahat olmasın. Allaha iman edin, Mənə də iman edin. Atamın evində çoxlu məskən var. Əgər olmasaydı, sizə deyərdimmi ki, sizin üçün yer hazırlamağa gedirəm? Gedib sizin üçün yer hazırlayandan sonra yenə gəlib sizi Öz yanıma götürəcəyəm ki, siz də Mənim olduğum yerdə olasınız. Gedəcəyim yerə aparan yolu tanıyırsınız».
Toma İsaya dedi: «Ya Rəbb, hara gedəcəyini bilmirik, yolu necə tanıya bilərik?»
İsa ona dedi: «Yol, həqiqət və həyat Mənəm. Mənim vasitəçiliyim olmasa, heç kəs Atanın yanına gələ bilməz.