PAPA FRANSİSK: AZƏRBAYCANI XATIRLAYIRAM VƏ SÜLH ÜÇÜN DUA EDİRƏM
Roma Papası Fransisk Monqolustana apostol səfəri edib. “Birlikdə ümid etmək” şüarı altında keçirilən səfər avqustun 31-dən sentyabrın 4-dək davam edib.
Səfər çərçivəsində Roma Papası Fransisk Monqolustan Prezidenti, ölkənin vətəndaş cəmiyyəti və dini icmalarının rəhbərləri və nümayəndələri, diplomatik korpusun nümayəndələri ilə görüşüb.
Müqəddəs Atanın 43-cü apostol səfərinin mərkəzi anı Papa Fransiskin Monqolustanın paytaxtında “Çöl Arenası” adlı Buz Sarayında keçirdiyi Rəbb Günü Yevxaristiyası oldu. Müxtəlif ölkələrdən olan iyerarxlarla birlikdə Müqəddəs Atanı Ulan-Batorun apostol prefekti kardinal Corco Marenqo və Mərkəzi Asiya yepiskoplar konfransının prezidenti, Almatı şəhəri Müqəddəs Üçlük yeparxiyasının ordinarisi monsenyor Xose Luis Mumbiela Sierra, eləcə də Azərbaycanın Apostol prefekti yepiskop Vladimir Fekete müşayiət ediblər.
Papa Fransisk 2000-dən çox zəvvar qarşısında söylədiyi xütbəsinə Liturgiyada səslənən Məzmurun nəqarəti ilə başladı: “Allahım! Mənim Allahım Sənsən! Sənin üçün yaman qəribsəmişəm. Quraq, cansıxıcı, susuz bir diyarda Sənsiz könlüm susuzdur. Bütün varlığımla həsrətini çəkirəm” (Məz 63:1). Papa bu sətrləri belə izah etdi: “Bu gözəl çağırış bizim keçməli olduğumuz səhralarda həyat səyahətimizi müşayiət edir və Müjdə məhz bu quru torpaqda bizim qəlbimizə çatır: səyahətimizdə tək deyilik.”
Papa ibadətdə iştirak edən yerli katoliklərə müraciət edib: “Sizin bir çoxunuz piyada yolun gözəlliyinə və ağırlığına öyrəşmisiniz. Bu, İbrahimin və daha geniş mənada İsrail xalqının timsalında təmsil olunan Bibliya mənəviyyatının vacib aspektini xatırladır, eləcə də Rəbbin hər şagirdində olduğu kimi: əslində biz hamımız “Tanrının köçəriləriyik”, xoşbəxtlik axtaran zəvvarlarıq, sevgiyə susamış qəriblərik”.
Sentyabrın 2-də, Ulan-Bator şəhərinin mqd. Peter və Paul kafedral kilsəsində Müqəddəs Ata Orta Asiya yepiskopları və Monqolustandaki Kilsənin ruhaniləri, rahibləri və imanlıları ilə görüşüb. Mərkəzi Asiya Katolik Yepiskopları Konfransı adından Ali Pontifiki Konfransın prezidenti, arxiyepiskop Xose Luis Mumbiela Sierra salamladı.
Görüş iştirakçılarına müraciət edən Müqəddəs Ata Kilsədə yepiskopun rolunu düzgün anlamağın vacibliyinə diqqəti çəkdi:
“Kilsə sırf funksional meyar əsasında başa düşülə bilməz, sanki yepiskop müxtəlif komponentlərin bir növ moderatorudur – xeyir. Kilsə ruhani prinsip əsasında başa düşülməlidir. Bu prinsipə əsasən yepiskopun simasında İsa Özü Sirli Bədəni olan Kilsənin birliyini təmin edir. Başqa sözlə, Kilsənin birliyi nizam və hörmət məsələsi deyil, hətta komanda işinin “yaxşı strategiyası” da deyil: bu, Rəbbə iman və məhəbbət, Ona sadiqlik məsələsidir. Buna görə də, bütün Kilsə komponentlərinin Öz xalqının arasında yaşayan Məsihi təmsil edən yepiskopun ətrafında cəm olması vacibdir”, – deyə Müqəddəs Ata qeyd edib.
Roma Papası ilə görüşdə Azərbaycanda Katolik Kilsəsinin Apostol prefekti, yepiskop Vladimir Fekete də iştirak edib. Pontifiklə qısa görüşündə Vladimir həzrətləri Müqəddəs Ataya Azərbaycan katoliklərinin salamlarını çatdırıb. Roma Papası Fransisk ölkəmizə səfərini həmişə məhəbbətlə xatırladığını qeyd edib, Azərbaycandakı Kilsəyə apostol xeyir-duasını göndərib və Cənubi Qafqazda ədalətli sülhün tezliklə bərqərar olması üçün dua etdiyini söyləyib.