PAPA XIV LEO AZƏRBAYCANIN DİNİ LİDERLƏRİNİ QƏBUL EDİB
Fevralın 9-da Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadənin başçılıq etdiyi Azərbaycanın dini icmalarının rəhbərlərindən ibarət nümayəndə heyəti Apostol Sarayına gələrək, Zati-Müqəddəsləri Papa XIV Leo tərəfindən qəbul edilib
Nümayəndə heyətinin tərkibinə Azərbaycanda Katolik Kilsəsinin apostol prefekti yepiskop Vladimir Fekete, Bakı şəhəri dağ yəhudiləri icmasının rəhbəri Milix Yevdayev, Alban-udi xristian icmasının sədri Robert Mobili və səfərad yəhudiləri icmasının sədri Zamir İsayev daxil olub. Görüşdə, həmçinin Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacdakı Fövqəladə və Səlahiyyətli Səfiri İlqar Muxtarov iştirak edib.
Qonaqları səmimiyyətlə salamlayan Papa XIV Leo Azərbaycanın müxtəlif dini konfessiyalarını təmsil edən nümayəndələrin Vatikana birgə səfərini sülh və insan qardaşlığı mühitində dinc birgəyaşayışın mümkünlüyünün bariz nümunəsi kimi yüksək qiymətləndirib.
Görüş zamanı Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlərin yüksək səviyyədə olduğu, həmçinin humanitar sahədə fəal əməkdaşlığın mövcudluğu qeyd edilib. Xüsusilə Vatikan və Heydər Əliyev Fondu tərəfindən Vatikanda və Romada ümumbəşəri mədəni və mənəvi dəyərə malik tarixi abidələrin bərpası üzrə birgə layihələrin uğurla həyata keçirildiyi vurğulanıb.
Tərəflər, həmçinin Azərbaycan və Ermənistan arasında yekun sülhün bərqərar olunması istiqamətində əldə edilmiş mühüm irəliləyişi məmnunluqla qeyd ediblər.
Şeyxülislam Allahşükür Paşazadə Papa XIV Leo-ya Azərbaycanda dinlərarası münasibətlərin yüksək səviyyəsi, eləcə də dövlətin bütün dini icmalara bərabər dəstək göstərdiyi multikulturalizm siyasəti barədə danışıb. Bununla yanaşı, Müqəddəs Ata Bakıda müq. II İoann Pavel katolik kilsəsinin inşasının gedişi barədə məlumatlandırılıb.
Şeyxülislam Allahşükür Paşazadə qeyd edib ki, Papa-nın 2027-ci ildə Azərbaycana səfəri xüsusi simvolik əhəmiyyət daşıya bilər, çünki həmin il Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında diplomatik münasibətlərin qurulmasının 35 illiyi, həmçinin Ümummilli Lider Heydər Əliyevin Papa II İoann Pavel II ilə ilk görüşünün 30 illiyi qeyd olunacaq. Bu münasibətlə Azərbaycanın Dini Konfessiyaları Məşvərət Şurasının adından Papa XIV Leo-ya Azərbaycana səfər etməsi ilə bağlı rəsmi dəvət məktubu təqdim edilib.
Görüşdə çıxış edən Azərbaycanın apostol prefekti yepiskop Vladimir Fekete bildirib ki, ölkədə xidmət etdiyi 17 il ərzində o, Azərbaycanda dinlərarası münasibətlərin yüksək səviyyəsinin və qarşılıqlı hörmət mühitinin şahidi olub.
Vatikana səfər çərçivəsində şeyxülislam Allahşükür Paşazadə və nümayəndə heyətinin üzvləri Müqəddəs Taxt-Tacın Dövlət Katibi kardinal Pietro Parolin, Şərq Kilsələri üzrə Dikasteriyanın prefekti kardinal Klaudio Qucerotti, eləcə də Mədəniyyət və Təhsil üzrə Dikasteriyanın prefekti kardinal Joze Tolentino de Mendonsa ilə də görüşlər keçiriblər.



