PASXA ƏRƏFƏSİ

1. Oxunuş: İnsanın yaradılışı. (Yaradılış 1,1.26-31,2,1-2)
Başlanğıcda Allah göyləri və yeri yaratdı. Sonra Allah dedi: «Öz surətimizə və bənzərimizə görə insanı yaradaq. Qoy o, dənizdəki heyvanlara, göydəki quşlara, yerdəki heyvanlara, bütün yer üzünə və yerdə sürünən canlıların hamısına hökmranlıq etsin».
Allah insanı Öz surətində yaratdı, Allahın surətində yaratdı, Onları kişi və qadın olaraq yaratdı.
Allah onlara xeyir-dua verərək dedi: «Törəyib çoxalın və yer üzünü bürüyüb ona sahib olun: dənizdəki heyvanlar, göydəki quşlar, yerdə sürünən bütün canlılar üzərində hökmranlıq edin».
Allah dedi: «Budur, yer üzündə toxum verən bütün ot-ələfi və meyvələrində toxumu olan bütün ağacların bəhərini sizə verirəm ki, qidalanasınız.
Yerdəki heyvanların, göydəki quşların və yerdə sürünən canlıların hamısına – nəfəsi olan bütün canlılara isə yem olmaq üçün bütün yaşıl otları verirəm». Belə də oldu. Allah gördü ki, yaratdığı hər şey çox yaxşıdır. Axşam oldu, səhər açıldı; bu, altıncı gün idi. Göylər və yer, oradakı hər şey beləcə tamamlandı.
Allah yeddinci günə qədər gördüyü işləri qurtardı və yeddinci gün gördüyü işlərdən ayrılıb istirahət etdi.
Məzmur (104{103}1-2,5-6,10,12,13f-14,24,35)
Rəbbim, göylər və yer üzü sevginlə doludur!
Dua
İnsanı yaradaraq möcüzə göstərən və daha da böyük bir möcüzə olaraq onu xilas edən uca Allah, Sənə yalvarırıq: Müqəddəs Ruhun qüdrəti ilə günaha qarşı savaşa bilməyimiz və beləcə əbədi xoşbəxtliyə çata bilməyimiz üçün bizlərə yardım et. Rəbbimiz İsa Məsihin adına sənə yalvarırıq.
M: Amin.
2. Oxunuş: İsrail oğullarının Qırmızı Dənizi keçməsi. (Çıxış 14{13}15-31. 15, 1-18)
Rəbbi öyək. Onun zəfəri böyükdür!
Rəbb Musaya dedi: «Nə üçün Mənə fəryad edirsən? İsrail övladlarına de ki, yola düşsünlər. Sən isə əsanı qaldırıb, əlini dənizin üzərinə uzat, sularını yar ki, İsrail övladları quru yerdən dənizin ortasından keçsinlər.
Mən misirlilərin ürəklərini inadkar edəcəyəm ki, sizi təqib etsinlər. Sonra fironu, onun bütün ordusunu, döyüş arabalarını və süvarilərini məğlub edib izzətimi göstərəcəyəm.
Fironu, döyüş arabalarını və süvarilərini məğlub edib izzətimi göstərdiyim zaman misirlilər biləcəklər ki, Rəbb Mənəm».
İsrail düşərgəsinin önündə gedən Allahın mələyi onların arxasına keçdi. Bulud dirəyi önlərindən arxalarına keçib, Misir ordusunun və İsrail düşərgəsinin arasında durdu. Bulud bir tərəfə zülmət verdi, o birisinə isə gecə işığı verdi. Bütün gecə bu xalqlar bir-birinə yaxınlaşmadılar. Musa əlini dəniz üzərinə uzatdı. Rəbb bütün gecə əsən qüvvətli şərq küləyi ilə dənizin suyunu qovub yerini quruya çevirdi. Sular yarıldı və İsrail övladları quru yerdən dənizin ortasından keçdilər. Sular onlar üçün sağ və sol tərəfdən divar oldu.
Misirlilər onları təqib etdilər; fironun atları, döyüş arabaları və süvariləri İsrail övladlarının ardınca dənizin ortasına girdilər.
Dan yeri söküləndə Rəbb od və bulud dirəyindən Misir ordusuna baxıb onların arasına qarışıq saldı.
O, arabaların çarxlarını elə ləngitdi ki, arabalar güclə hərəkət etdilər. Misirlilər dedilər: «Gəlin İsrail övladlarından qaçaq, çünki Rəbb onların tərəfində bizə qarşı döyüşür». Rəbb Musaya belə dedi: «əlini dənizin üzərinə uzat ki, sular misirlilərin, döyüş arabalarının və süvarilərin üzərinə qayıtsın».
Musa əlini dənizin üzərinə uzatdı. Səhərə yaxın dəniz adi hala qayıtdı. Misirlilər sulardan qaçmaq istəyəndə Rəbb onları itələyib dənizin ortasına atdı.
Yerinə qayıdan sular döyüş arabalarını, süvariləri, İsrail övladlarının ardınca dənizə gedən fironun bütün ordusunu örtüb uddu. Onlardan bir nəfər də olsun sağ qalmadı.
İsrail övladları isə dənizin ortasından quru yerdə yeriyərək keçib getmişdilər. Sular onlar üçün sağ və sol tərəfdə divar olmuşdu.
Məhz o gün Rəbb İsraili misirlilərin əlindən xilas etdi. İsrail xalqı misirliləri dənizin sahilində ölü gördü. İsrail xalqı Rəbbin misirlilərə böyük qüvvətlə nə etdiyini görəndə Rəbdən qorxdu, Ona və qulu Musaya güvəndi. O vaxt Musa ilə İsrail övladları Rəbbə bu ilahini oxudular:
İlahi (Çıxış 14(13) 15-31. 15,1-18 )
Dua
Allahım, əvvəl etdiyin möcüzələri yenidən görürük. Əvvəl yalnız bir milləti Misirlilərin əsarətindən qurtardın, indi isə, onları vəftizin suları ilə yeni bir həyata qovuşduraraq bütün insanları xilas edirsən. Həqiqətən, bütün insanların imana qovuşub sənin övladların olma şərəfinə çata bilməsinə kömək et. Rəbbimiz İsa Məsihin adına sənə yalvarırıq.
M: Amin.
3. Oxunuş: Allah insanlara elm verir. Dirilən İsa Məsihin izində addımlayaq, çünki, O, bizim üçün həqiqi elmdir. (Baruh 3,9-15.32-38, 4, 1-4 )
Dinlə, ey İsrail xalqı. Həyat verən əmrlərə qulaq as və elmin mənasını öyrən. Nə oldu sənə, İsrail? Nə üçün düşmanlarının ölkəsindəsən? Nə üçün qərib bir ölkədə yaşlandın? Nə üçün ölülərlə birlikdə kirlənərək, ölülərin diyarına gedənləri hesaba qataraq yaşadın? Çünki elm qaynağını tərk etdin. Allahla addımlamış olsaydın, sonuza qədər sülh içində yaşayardın. Elmin, gücün, ağlın harda olduğunu öyrən ki, həyatın və uzun ömrün, göz nurunun və sülhün harda olduğunu biləsən. Elmin harda olduğunu kim bilir? Onun xəzinələrlə dolu evinə kim girib? Yalnız hər şeyi bilən onu tanıyar. Öz ağlı ilə onu qavradı. Yer üzünü əbədiyyən sağlam etdi. Onu dörd ayaqlı heyvanlarla doldurdu. İşığı göndərər və işıq gedər, geri çağırar və işıq titrəyərək boyun əyir. Ulduzlar, vaxtı gələndə par-par parıldayar. Onları çağırar və onlar: “Biz burdayıq” deyə cavab verər. Onları yaradan üçün iftixarla parlayarlar. Allahımız olan odur, heç kim Onunla müqayisə edilə bilməz. O, elmin bütün yollarını qavradı, onları qulu Yaquba və sevimli xalqı İsrailə bildirdi. Bu şəkildə Elm yer üzündə göründü və insanlara yayıldı. Elm, Allahın əmrlərini bildirən kitabdır, sonsuzadək qalan Müqəddəs Qanundur. Ona əməl edənlər yaşayar, onu tərk edənlər ölər. Geri dön, ey Yaqub, elmi mənimsə. Onun işığında ucalığa doğru addımla. Şanını başqasına təhvil vermə, xüsusi nemətlərini də yad bir xalqa buraxma. Nə xoşbəxtik biz, çünki Allaha xoş gedən hər şey bizə bildirilmişdir.
Məzmur (19{18}8, 11)
Rəbbim, sözlərin əbədi həyatın qaynağıdır.
Dua
Səndən uzaq qalan insanları imana çağıraraq, Kilsənin böyüməsinə kömək edən uca Allah, müqəddəs vəftiz suyu ilə günahlardan qurtardığın və ruhani həyata qovuşdurduğun övladlarını hər zaman qoru. Rəbbimiz İsa Məsihin adına sənə yalvarırıq.
M: Amin.
4. Oxunuş: Allah daxilimizdə yeni bir ürək yaratmaq istəyir. (Yezekel 36, 16-28)
Mənə Rəbbin sözü nazil oldu:
«Ey bəşər oğlu, İsrail nəsli öz torpağında yaşayanda adət və əməlləri ilə onu murdar etdi. Onların adətləri mənim önümdə qadının aybaşı olduğu vaxtdakı murdarlığı kimi idi.
Mən də qəzəbimi onların üstünə tökdüm, çünki ölkədə qan tökdülər, bütləri ilə onu murdar etdilər.
Onları millətlər arasına yaydım, ölkələr arasına səpələndilər. Onları adətlərinə və əməllərinə görə mühakimə etdim.
Millətlərin arasında, getdikləri hər yerdə müqəddəs adımı ləkələdilər. Çünki onlar üçün belə deyildi: “Bu xalq Rəbbin xalqı olduğu halda ölkəsindən çıxmağa məcbur oldu”. İsrail nəslinin getdiyi millətlər arasında ləkələdiyi müqəddəs adımın izzətdən düşməsi üçün təəssüfləndim.
Buna görə də İsrail nəslinə söylə ki, Xudavənd Rəbb belə deyir: “Ey İsrail nəsli, bunu sizin naminizə deyil, ancaq getdiyiniz millətlər arasında ləkələdiyiniz müqəddəs adım naminə edirəm.
Millətlər arasında ləkələdiyiniz böyük adımın müqəddəsliyini yenə göstərəcəyəm. Millətlərin gözü önündə sizin içinizdə müqəddəsliyimi göstərən zaman biləcəklər ki, Rəbb Mənəm” Xudavənd Rəbb belə bəyan edir.
“Çünki sizi millətlərin arasından götürəcək, bütün ölkələrdən toplayacaq və öz torpağınıza gətirəcəyəm.
Üstünüzə təmiz su səpəcəyəm, pak olacaqsınız. Sizi bütün murdarlıqlarınızdan və bütlərinizdən təmizləyəcəyəm. Mən sizə yeni ürək verəcək, daxilinizə yeni ruh qoyacağam. Köksünüzdən daş ürəyi çıxarıb sizə ətdən olan ürək verəcəyəm.
Öz Ruhumu sizin daxilinizə qoyacağam. Elə edəcəyəm ki, siz qaydalarıma görə rəftar edəsiniz, hökmlərimə diqqətlə riayət edəsiniz.
O zaman atalarınıza verdiyim ölkədə yaşayacaqsınız. Siz Mənim xalqım, Mən də sizin Allahınız olacağam.
Məzmur (50{51}12, 15.18-19)
Rəbbim, daxilimizdə yeni bir qəlb yarat.
Dua
Sonsuz qüdrət və sönməyən nur olan uca Allah, kilsənin dualarını dinlə. Əzəldən bəri hazırladığın xilasın gərçəkləşməsinə və bütün insanların xilasa qovuşmasına kömək et. Bütün dünya sənin nemətlərini görsün, taqətsizlər qüvvət tapsın, əzilənlər yenidən canlansın. Bütün dünya, hər şeyin başlanğıcı olan və əbədiyyən hökm edən Oğlun, Rəbbimiz İsa ilə ilk yetkinliyinə çatsın. Rəbbimiz İsa Məsihin adına yalvarırıq.
M: Amin.
Dua
Məsihin şanlı dirilişi ilə bu müqəddəs gecəni aydınladan uca Allah, yenilənmiş bədəni və ruhu ilə hamımızın sənin xidmətində ola bilməyimiz üçün kilsəyə verdiyin övlad sevgisini qoru və gücləndir. Bunu səninlə və Müqəddəs Ruhla birlikdə indi və əbədiyyən hökm edən sevimli Oğlun, Rəbbimiz İsa Məsihin adına səndən diləyirik.
M: Amin.
Müqəddəs Pavelin Romalılara məktubundan sözlər (Rom 6, 3-11)
Məgər bilmirsiniz ki, biz hamımız Məsih İsa ilə birləşmək üçün vəftiz olunarkən həmin vəftizlə Onun ölümü ilə birləşdik? Deməli, vəftiz olunub Onun ölümü ilə birləşməklə biz də Onunla birgə dəfn olunduq; belə ki Atanın izzəti ilə Məsih ölülər arasından dirildiyi tək biz də həmin cür yeni həyat sürək. Əgər Onun ölümünə bənzər ölümdə Onunla bir olmuşuqsa, Onun dirilməsinə bənzər dirilmədə də Onunla bir olacağıq. Bunu bilirik ki, günahlı bədənin aradan qaldırılması üçün, daha günaha qul olmayaq deyə köhnə mənliyimiz Onunla birlikdə çarmıxa çəkildi. Çünki ölmüş adam günahdan azad olub. Əgər Məsihlə ölmüşüksə, Onunla yaşayacağımıza da inanırıq. Çünki bilirik ki, Məsih ölülər arasından dirildiyinə görə bir daha ölməyəcək və ölüm Ona artıq hökmranlıq etməz. Onun ölümü günahın müqabilində ilk və son ölüm oldu, yaşadığı həyatı isə Allah üçün yaşayır. Beləcə siz də özünüzü Məsih İsada olaraq günaha münasibətdə ölü, Allaha münasibətdə isə diri sayın.
ALLELUYA! ALLELUYA! ALLELUYA!
Məzmur (118{117}1-2, 15-17, 22-23)
Allah xeyirxahdır, onun sevgisi sonsuzdur.
ALLELUYA! ALLELUYA! ALLELUYA!
Müqəddəs Mark tərəfindən yazılan İsa Məsihin İncilindən sözlər (Mk 16, 1-7)
Şənbə günü keçəndən sonra Məcdəlli Məryəm, Yaqubun anası Məryəm və Şalomit ətirlər aldılar ki, gedib İsanın cəsədinə çəksinlər. Həftənin ilk günü səhər tezdən, günəş doğanda onlar qəbirin yanına gəldilər. Onlar bir-birlərinə deyirdilər: «Görəsən qəbirin ağzındakı daşı bizim üçün kim kənara yuvarlayacaq?» Başlarını qaldırıb baxanda gördülər ki, daş kənara yuvarlanıb. Bu daş nəhəng idi. Qəbirə girib sağ tərəfdə ağ xalat geyinmiş bir gəncin oturduğunu gördülər və heyrətə gəldilər. Bu şəxs onlara dedi: «Siz heyrətlənməyin! Çarmıxa çəkilmiş Nazaretli İsanı axtarırsınız. O dirilmişdir! Burada yoxdur. Bax bu Onu qoyduqları yerdir. İndi isə gedin, Onun şagirdlərinə və Peterə belə söyləyin: “İsa Qalileyaya sizdən qabaq gedir. Sizə dediyi kimi Onu orada görəcəksiniz”».