Qafqaz Müsəlmanları İdarəsinin Sədri, MDB Dinlərarası Şurasının Həmsədri, möhtərəm Şeyx-ül-islam Allahşükür Paşazadə həzrətlərinin Milad bayramı münasibətilə Təbriki
Qafqaz Müsəlmanları İdarəsinin Sədri, MDB Dinlərarası Şurasının Həmsədri, möhtərəm Şeyx-ül-islam Allahşükür Paşazadə həzrətləri Milad bayramı münasibətilə Azərbaycanda Katolik Kilsəsinin apostol prefekti, yepiskop Vladimir Fekete-yə təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
“Yepiskop Vladimir Fekete həzrətlərinə,
Bir Olan Yaradanın adı ilə!
Monsenyor həzrətləri, əziz qardaşım,
Sizi və Azərbaycanda yaşayan bütün Roma Katolik Kilsəsinin övladlarını nurlu Milad Məsihin Mövludunun bayramı münasibətilə müsəlmanlar adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.
Milad sülh, mərhəmət, qardaş sevgisi bayramıdır. Ona görə də bu bayram Azərbaycan xalqı üçün xüsusilə əzizdir, çünki Azərbaycanda müxtəlif millətlərin və dinlərin nümayəndələri arasında qarşılıqlı hörmət tarixi ənənə və həyat normasıdır.
Milli və dini mənsubiyyətimizdən asılı olmayaraq bir Yaradanın məxluqları olduğumuzdan çıxış edərək, bu nurlu bayram münasibətilə Sizin sevincinizə bütün qəlbimizlə qatılır, bayram sevincini katolik bacı-qardaşlarla bölüşürük. Qoy Uca Allah bizi bir birimizə yaxınlaşdıran və birləşdirən hər amilin qorunub saxlanılması və layiqincə inkişafı naminə səylərimizə xeyir-dua versin.
Bir daha Sizi və Azərbaycanda yaşayan bütün katolikləri nurlu və sevinc olu Milad Bayramı ilə münasibətilə ürəkdən təbrik edirəm. Arzumdur ki, O Bir Olan Yaradan hər birinizə və ailələrinizə əmin-amanlıq, firavanlıq, xoşbəxtlik nəsib etsin.
Əs-Səlamu əleykum və rahmətullahi və bərakətuh
Dərin hörmətlə,
Şeyx-ül-islam Allahşükür Paşazadə”