Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə və ölkənin Dinlərarası Məşvərət Şurasının üzvləri Roma Papası Fransiskin vəfatı ilə bağlı başsağlığı veriblər
Aprelin 23-də Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə, Bakı və Azərbaycan yepiskopu Aleksiy, Dağ Yəhudiləri İcmasının sədri Milix Yevdayev və Alban-Udi Xristian İcmasının sədri Robert Mobili, Roma Papası Fransiskin vəfatı ilə əlaqədar, mərhum Papanın xatirəsini ehtiramla yad etmək məqsədilə Bakı şəhəri Müqəddəs Məryəm katolik kilsəsini ziyarət ediblər.
Azərbaycanın dini liderlərini kilsədə Azərbaycanda Katolik Kilsəsinin apostol prefekti, yepiskop Vladimir Fekete qarşılayıb.
Ölkənin Dinlərarası Məşvərət Şurası adından Roma Papası Fransiskin vəfatı ilə bağlı kilsədə açılan başsağlığı kitabı imzalandı.
“Dərin hüznlə zəmanəmizin görkəmli dini lideri Zati-Müqəddəsləri Roma Papası Fransiskin vəfatı barədə xəbəri aldıq. Zati-Müqəddəslərinin fədakar səsi daim müharibələrə, şiddətə, və nifrətə yox dedi, sülhə və mərhəmətə çağırdı. Onun fəqir, xəstə və ahıllara, qaçqın və miqrantlara qayğıkeşliyi bütün sülhsevər insanların ürəklərində yaşayacaq”, – başsağlığı yazısında deyilir.









