“QORXMAYIN, ÇÜNKİ RƏBB SİZİNLƏDİR!” – AZƏRBAYCANIN APOSTOL PREFEKTURASI TAXT-TAC BAYRAMINI QEYD EDİB

Katolik Kilsəsi tərəfindən hər il dekabrın 8-də qeyd olunan Əqdəs Bakirə Məryəmin Günahsız Döllənməsi bayramı Azərbaycan katoliklərinin taxt-tac bayramıdır, çünki Kilsənin Azərbaycandakı Apostol Prefekturasının əsas məbədi katolik imanının bu qədim həqiqətinə həsr edilib.

Dekabrın 8-də, saat 19:00-da keçirilən Bayram Messasına Azərbaycanda Katolik Kilsəsinin apostol prefekti, yepiskop Vladimir Fekete başçılıq edib. İbadət zamanı yepiskop həzrətlərini Prefekturanın general vikarisi ata Yozef Marek (SDB), Əqdəs Bakirə Məryəm prixodunun baş keşişi ata Martin Bonkalo (SDB), salezian ordeninin keşişləri ata Emil Şafar və ata Vladimir Baksa müşayiət ediblər.

İmanlılara vəz ilə müraciət edən yepiskop Vladimir Fekete,  Lukanın İncilində təsvir olunan Məryəmə Müjdənin verilməsi zamanı Ali-Mələk Cəbrayılın Məryəmə söylədiyi üç söz haqqında  danışıb – “qorxma”,  “Rəbb səninlərdir” və “sevin!”.  Yepiskop Fekete qeyd edib ki, Allah bu sözləri ilə hamımızı Məryəmdən nümunə götürməyə və Onun tək həyatımızı Allaha tam etibar etməyə çağırır. “Həyat çox zaman bizi qorxudur: biz itkilərdən və xəstəliklərdən qorxuruq, qorxu imanımızı sarsıdır, iradəmizi iflic edir. Lakin Allahın bizimlə olduğuna iman etsək, Onun övladları olduğumuzu dərk etsək, günaha və puç olan narahatlıqlara təslim olmasaq, o zaman həyatın bütün çətin vəziyyətlərində qəlbimizdə sülh olacaq və həqiqi sevinc bizi tərk etməyəcək. Çünki Rəbbimiz bizimlədir!”.

Müqəddəs Messanın sonunda, Kilsənin ənənəsinə uyğun olaraq, yepiskop Vladimir Fekete, Bakı şəhərini və bütün Azərbaycanı Əqdəs Bakirə Məryəmin Pak Qəlbinə həsr etdi.

İbadətdən sonra imanlılar və kilsənin qonaqları bayram çay süfrəsinə dəvət olundular.