“QOY MƏSİH BİZƏ YARDIM ETSİN Kİ, İNSANLARA GƏRGİNLİK YOX – SÜLH, ÜMİD VƏ SEVİNC GƏTİRƏ BİLƏK” – yepiskop Vladimir Fekete həzrətlərinin Advent Dövrünün I Rəbb gününə olan möizəsi, 03 dekabr 2023-cü il
Biz liturgiya ilinin Advent dövrünə qədəm qoyduq. Bu dövrdə Allah bizi Müqəddəs Yazıların kəlamları ilə “oyaq” olmağa çağırır.
Biz hansı mənada Bibliyadakı “Oyaq qalın” çağırışına əməl etməliyik? Bu, ilk növbədə, bizi özünə təslim edən və həyatımızda Allahın varlığını iman gözü ilə görməyə imkan verməyən “fanilik” yuxusundan oyanmaqdır və Allahın İsa Məsihdə bizə göstərdiyi məhəbbəti dərk etmək və beləcə qəlbimizdə sülhü tapmaqdır.
Daxilimizdə sülh olmayanda biz hər birimizin həyatında olan yaxşı şeyləri, nemətləri görüb dərk edə bilmirik, nanşükür, narazı qalıdır: özümüzdən, ailəmizdən, ətrafımızdan narazı. Bizə elə gəlir ki, hər şey səhvdir: insanlar da pisdir, bizi idarə edənlər də pisdr, hətta Allahın Özü bizə həyatımızda baş verənlərə uzaq və laqeyd görünür.
Bu cür ruh düşkünlüyünün səbəbi insan qəlbinin günahlardan, zəifliklərdən, insanın təkbaşına öhdəsindən gələ bilmədiyi və qarşısında aciz olduğu dağıdıcı asılılıqlardan yaralı olmasıdır. Bütün bunlar insanı daxili sülhdən və ümiddən məhrum edir. Bəli, insan öz həyatını, düşüncə tərzini düzəltmək, dəyərlərini Allahın əmrləri ilə uyğunlaşdırmaq üçün dəfələrlə cəhd edə bilər, amma bacarmır. İnsanın öz gücü, səbri, ümidi kifayət etmir. Bu vəziyyətdə olanda biz nə etməliyik?
Məhz buna görə də Kilsə Adventin dövründə bizi Qədim İsrail tarixində yəhudi xalqının Məsihin – Xilaskarın gəlişini gözlədiyi o uzun dövr haqqında düşünməyə dəvət edir. Gəlin qədim yəhudilərin zamanki vəziyyətini təsəvvür edək: Roma İmperiyasının boyunduruğu, təhqirlər, haqsızlıqlar, zorakılıq. Sanki bu vəziyyətdən çıxış yolu yox idi.
İnsan Allahla yaşadıqda, ən qaranlıq anlarında belə ümidini itirməz, içindəki rahatlığı itirməz, hətta öz qüsurlarını və ətrafındakıların qüsurlarını belə Allahın Mərhəmətinə iman və ümid işığında görər.
Amma vəsvəsələr gəlir, günah vərdişlərimiz, dünya qayğıları, həyat çətinlikləri bizə qalib gəlir, özümüzdən və başqalarından olan gözləntilərimiz və tələblərimiz də bizə qalib gəlirvə beləliklə, həyatın düzgün istiqamətləri itiririk, ən vacib olanı unuduruq – hər gün qəbimizi Rəbbin qarşısında açmağı, Ona tərəf getməyi, Onunla söhbət etməyi, Allahın Məhəbbətinin şahidləri kimi yaşaya bilək deyə Ondan əqlimizi və qəlbimizi nurlandırmağı xahiş etməyi unuduruq.
Kilsə bizi Adventdə “fanilik yuxusundan” və “ümidsizlik yuxusundan” oyanmağa çağırır. Bu o deməkdir ki, biz özümüzə səmimi şəkildə sual verməliyik: mən necə yaşayıram, mənə əzab verən günah vərdişlərdən qurtulmaq üçün Rəbbin hansı lütflərinə ehtiyacım var? İnsan və Allah arasındakı münasibətlərin bütün tarixini əzəldən müşayiət edən təəsüf doğuran və dini baxımdan səhf olan bir mövqe var. Bu mövqedə olan insan belə düşünür: ”bəli, zəif cəhətlərim var, günah vərdişlərim və qüsurlarım var, amma hər şeyin öhdəsindən tək başıma gələ bilərəm və mənə heç kəsin köməyi lazım deyil”. Əlbəttə ki, belə bir insan çox tezliklə acı ümidsizliyə düşəcək, çünki heç kim özü özünü xilas edə bilməz. Qəlbimizdə mövcud olan bu təkəbbür bizi Rəbbin və Xilaskarın qarşısında diz çöküb Ona tam imamla bu sözləri deməyə mane olur: “Ya Rəbb, mən dəfələrlə günahlarıma, pisliklərimə qalib gəlməyə çalışdım və artıq buna nail olmuş kimi görünürdüm, amma budur – yenə yıxıldım. Ya Rəbb, Sən mənə kömək et, lütfünü mənə ver, çünki Sənsiz pisliklərimlə mübarizə aparmağa gücüm yoxdur, Sənin lütfün olmadan həyatın əsl mənasını və sevincini tapa bilmərəm”.
Hər birimiz özümüzə baxsaq görərik ki, hər birimizdə bir qüsur və bəlkə də qüsurlar var ki, biz onları dərk etsək də, onlardan xilas olmaq istəsək də, buna nail ola bilmirik. Müqəddəs Həvari Pavelin özü də Romalılara yazdığı məktubunda özü haqqında deyir: “Necə də yazıq insanam… istədiyim yaxşı şeyi etmirəm, amma istəmədiyim pis şeyi edirəm…” ( Rom 7, 24.19). Əgər kimsə özündə bu daxili konflikti hələ də görmürsə, deməli, o, hələ də öz ruhunun dərinliklərinə baxmayıb.
Bizim hər birimizin Allahın müdaxiləsinə, Onun lütfünə ehtiyacı var ki, həyatımızı məhv edən, təkəbbürümüzlə qidalanan və buna görə də müstəqil cəhdlərimizə baxmayaraqhər dəfə təkrarlanan bu və ya digər günah və qüsurlarımıza qalib gələ bilək. Buna görə də, Kilsə Xilaskarı gözlədiyimiz bu dövrdə bizi dua edərək oyaq olmağa, Allaha güvənməyə, Allahın məni xilas edə biləcəyinə və xilas etmək istədiyinə möhkəm ümid bəsləməyə çağırır. Miladdan əvvəl yüzlərlə nəsil Xilaskarı gözlədiyi kimi, biz də gözləməli və inanmalıyıq ki, Rəbb İsa Məsih mənim həyatıma daxil olmaq üçün dünyaya gəlir, O, məni Öz sülhü ilə doldurmaq və mənə çarmıxımı ləyaqətlə daşımaq üçün güc vermək istəyir ki mən günahın əsiri kimi yox, Allahın azad övladı kimi yaşayım. Amma bunun üçün birinci və ən zəruri şərt bizim təvazökarlığımız və həlim olmağımızdır. Özümüzə günahkar olduğumuzu, içimizdə bağışlanmağa və şəfaya ehtiyacı olan və özümüzün düzəldə bilmədiyimiz bir şeyin olduğunu etiraf etməkdən qorxmağa ehtiyac yoxdur.
Bu, xüsusilə ailədə, işdə və kilsə icmalarında münasibətlərimizə aiddir. Hamımızın qüsurları var və bəzən onlarla bir-birimizi incidirik. Ancaq xristian sevgisi bizə ağır gələ biləcək münasibətlərdən belə qaçmamağa çağırır. Bu bizim xristian kimi məğlubiyyətimiz, uğursuzluğumuz olardı. Təbii ki, bunun üçün öz gücümüz bizə yetərli olmaz, lakin Allah bizə elə güc verə bilər ki, biz qeyri-mümkün görünən şeylərin öhdəsindən gələ bilək və sonra “Rəbb bizim üçün böyük işlər gördü” (Məz 125:3) heyrətlə söyləyə bilək.
Qoy Mövludunu 3 həftədən sonra qeyd edəcəyimiz Məsih bizim təvazökarlığımız və həlimliyimiz vasitəsilə ürəyimizə ensin. Gəlin günahlarımızı, pisliklərimizi və zəifliklərimizi Məsihə həvalə edək və İncildəki cüzamlının sözləri ilə Ona müraciət edək: “Ya Rəbb, əgər istəsən, məni təmizləyə bilərsən” (Matta 8:2). Və beləcə heç vaxt yaşamadığımız bir Miladı yaşayaq. Bu, Məsihin bizim qorxularımız və narahatlıqlarımız üzərində qələbəsinin Milad bayramı, qəlbimizdə sülhün Milad bayramı olacaq. Və bu yolla biz özümüz ətrafımızdakı insanlara gərginllik yox, sülh, ümid və sevinc gətirəcəyik. Amin.



