ROMA PAPASI FRANSİSK VƏ ŞEYX-ÜL-İSLAM ALLAHŞÜKÜR PAŞAZADƏNİN GÖRÜŞÜ
2022-ci il yanvarın 13-də Roma Papası, Zati-Müqəddəsləri Fransisk Vatikanda Müqəddəs Atanın şəxsi dəvəti ilə səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə həzrətlərini Apostol Sarayında qəbul edib.
Qafqaz Müsəlmanlarının başçısını Azərbaycanın dini liderlərindən ibarət nümayəndə heyəti müşayiət edib. Nümayəndə heyətinin tərkibinə Azərbaycanda Katolik Kilsəsinin Apostol Prefekti yepiskop Vladimir Fekete, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası İdarəsinin katibi arximandrit Aleksi (Nikonorov), QMİ sədrinin müavini müfti Salman Musayev və başqaları daxil idilər.
Möhtərəm Şeyxi salamlayan Roma Papası Fransisk Müqəddəs Taxt-Tac ilə Azərbaycan Respublikası arasında dialoq və əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğuladı və bu səfər zamanı planlaşdırılan görüşlərin Katolik Kilsəsi ilə Azərbaycanın ənənəvi dinləri arasında əlaqələrin daha da inkişafına xidmət edəcəyinə ümidvar olduğunu bildirdi.
Cavab nitqində şeyxülislam A.Paşazadə Müqəddəs Ataya Azərbaycanda prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət və din əlaqələri, Azərbaycan cəmiyyəti üçün ənənəvi olan tolerantlıq və multikulturalizm dəyərlərinin dəstəklənməsi və möhkəmləndirilməsi sahəsində aparılan siyasətdən, çoxmillətli və çoxkonfessiyalı Azərbaycan cəmiyyətində dinlərarası və millətlərarası sülhün qorunmasında dini icmaların rolu haqqında danışıb.
Görüşdən sonra nümayəndə heyəti müqəddəs Peter bazilikasının prioru (baş keşişi) kardinal Mauro Qambetti ilə görüşüb. Kardinal Mauro Qambetti, Azərbaycan və Vatikanın müqəddəs Peter kafedralında papa Böyük Leonun Atilla ilə görüşünü əks etdirən barelyefin bərpası üzrə birgə layihəsi haqqında danışıb. İki il ərzində Heydər Əliyev Fondu XVII əsrə aid bu nadir barelyefin görkəmini bərpa etmək üçün çox mürəkkəb iş aparıb.
Həmin gün Papanın Dinlərarası Dialoq Şurasının katibi, Müsəlmanlarla Dini Əlaqələr Komissiyasının vitse-prefekti kardinal Migel Ayuso azərbaycanlı qonaqların şərəfinə rəsmi nahar verib.