ROMA PAPASI II İOHANN PAVELİN AZƏRBAYCANA TARİXİ SƏFƏRİNİN 20-Cİ İLDÖNÜMÜ MÜNASİBƏTİLƏ AZƏRBAYCANDA KATOLİK KİLSƏSİNİN APOSTOL PREFEKTİ YEPİSKOP VLADİMİR FEKETE HƏZRƏTLƏRİNİN PASTIR MÜRACİƏTİ

Əziz bacı və qardaşlar,

Bu ilin may ayında müqəddəs Papa II İohann Pavelin Azərbaycana pastoral səfərinin iyirmi ili tamam olur. Papa prezident Heydər Əliyevin dəvəti ilə ölkəmizə gəlmişdir və tarixdə Azərbaycan torpağına səfər edən ilk Roma pontifiki olmuşdur. O zaman Müqəddəs Ata artıq çox xəstə idi. Lakin səhəttində ciddi problemlərə və səyahətlə bağlı çətinliklərə baxmayaraq, 2002-ci il mayın 22-də o, iki gün ərzində Azərbaycan rəhbərliyi, ictimaiyyət nümayəndələri ilə görüşmək üçün , lakin hər şeydən öncə bu ölkədə yaşayan katoliklərin kiçik icmasını ruhlandırmaq və dəstəkləmək üçün Bakıya uçdu.

II İohann Pavelin səfəri Azərbaycanda Katolik Kilsəsinin inkişafına və möhkəmlənməsinə həlledici təsir göstərmişdir. Bu səfərin görünən bəhrəsi Müqəddəs Məryəm kilsəsidir, hansıki prezident Heydər Əliyevin Papaya və Kilsəyə xüsusi jest olaraq  katolik icmasına bağışladığı  torpaq sahəsində ucaldılıb. Papanın səfəri Katolik Kilsəsi haqqında ictimaiyyətin məlumatlılığının artırılmasına, Kilsə ilə mülki hakimiyyət arasında xoş əlaqələrin möhkəmlənməsinə töhfə verdi. Bu tarixi səfər sayəsində Katolik Kilsəsi Azərbaycan xalqının ictimai həyatında və şüurunda layiqli və davamlı yerə sahib oldu.

Bu gün, iki onillikdən sonra, bu əlamətdar hadisə haqqında düşünərkən Məsihin Xələfinin aramızda olmasının sevincini yaşadığımıza görə, onun bütün xeyirduaları və ənamlarına görə qəlbimiz minnətdarlıqla aşıb-daşır.  İnanıram ki, müqəddəs Papa II İohann Pavelin simasında, Ümumdünya Kilsəsi və təbii ki, bizim Apostol Prefekturamız bizi izləyən, duaları ilə bizi gələcəkdə qoruyacaq böyük himayədarını tapdı.

Əziz bacı və qardaşlar,

Koronavirus pandemiyası nəticəsində Yerli Kilsəmizin həyatı son illər bir çox məhdudiyyətlərlə qarşılaşdı. Allaha şükür, vəziyyət yaxşılaşmağa doğru gedir. İnanıram ki, dünyavi həyat normal məcrəyə qayıtdığı kimi, biz də Kilsənin nəinki pastoral və ictimai fəaliyyətini bərpa edə, həm də Papa II İohann Pavelin şəfaəti ilə onu daha da gücləndirə və inkişaf etdirə biləcəyik.

Artıq ikinci ildir ki, Papa Fransiskin çağırışı ilə Katolik Kilsəsi bütün dünyada sinodal prosesi yaşayır. Yerli Kilsəmizin müxtəlif qrupları da bizi bu prosesdə iştirak etməyə dəvət edir.  İlk növbədə II İohann Pavelin Bakıya səfərinin ildönümünə həsr olunmuş bu müraciətim ilə mən sizi Apostol Prefekturamızın sinodal prosesində fəal iştirak etməyə çağırmaq istəyirəm. Eyni zamanda, mən sizə bu Yubiley münasibətilə mənəvi inkişafımız üçün istifadə edə biləcəyimiz bir neçə üsul təklif etmək istərdim.

Mən hər birinizi Allahla daxili birliyimizi şəxsən təzələməyə, aramızdakı qardaşlıq birliyini möhkəmləndirməyə və bununla da imanımızın həqiqi şahidi olmağa dəvət edirəm.

  1. Allahla birlik insanın mənəvi həyatının əsasıdır.

Əziz bacı və qardaşlar, vəftiz olunmaqla biz içimizdə günaha və dünyanın puç dəyərlərinə qarşı mübarizə aparmaq öhdəliyini götürdük. Biz yer üzündə qardaşlıq münasibətində yaşamağa, həyatı ilə Allahın varlığına və insan həyatının mənəvi ölçüsünə şəhadət verən xilas edilmiş insanların cəmiyyətini qurmağa çağırılmışıq.  Ancaq bu yalnız şəxsi iman həyatımızın və Allahla birliyimizin hər gün səbrlə möhkəmlənməsi ilə mümkün ola bilər. Belə həyat  Allahın Kəlamına müntəzəm müraciət etməyi, Tövbə və Evxaristiya Sirrlərini tez-tez qəbul etməyi, duada davamiyyəti, tövbə və mərhəmət əməllərini nəzərdə tutur. Biz, Kilsənin səsi, vicdanımızın səsi, ətrafdaki insanların ehtiyacları ilə bizi çağıran Allaha xidmət etməyə hazır olmalıyıq.

Katolik olmaq müəyyən bir kluba üzv olub, orada qəbul edilmiş qaydalara riayət edib,  ondan kənarda isə istədiyimiz kimi yaşamaq mənasına gəlmir.

Katolik xristianı olmaq azad şəkildə şəxsi qərar verib İsa Məsihə Onun şagirdi kimi  ömürlük tabe olmaq deməkdir. Vəftiz zamanı biz bu dünyanın ruhu və ya öz istəklərimiz tərəfindən deyil, Məsih və Onun Kilsəsi  tərəfindən müqəddəslik yolunda idarə olunacağımıza söz verdik. Yalnız belə şüurlu katoliklər “torpağın duzuna-bərəkətinə” çevrilə bilər, bununla da öz həyatlarının məqsədini dərk edib bu dünya üçün nur ola bilərlər. Lakin  bu Allahla daxili birlik üçün gündəlik səy tələb edir.

  1. Comunio- Bacı və qardaşlar ilə imanda vəhdət

Yalanın atası iblis, bölgü və təfriqənin atasıdır. O, bizim şəxsi inkişafımızda və Allahla birliyimizi möhkəmləndirməkdə bizə ən çox mane olandır. Eyni zamanda, o var gücü ilə bizim aramızda, doğma və ya iman ailəmizin içində olan birliyi, etibarı məhv etməyə çalışır.

Pandemiya dövrü və onun gətirdiyi təcrid bizim bir-birimizə nə qədər ehtiyacımızın olduğunu, eyni zamanda aramızda anlaşılmazlıqların, mübahisələrin və fikir ayrılıqlarının çox asn yarandığını təsdiqlədi. Bir tərəfdən, müasir rabitə vasitələri məsafələri asanlıqla qət edir, ünsiyyəti və qarşılıqlı anlaşmanı təşviq edə bilər. Lakin bu rabitələr ağıllı şəkildə istifadə edilməsə, səhvlərimizi çoxalda bilər və bizi birləşdirmək əvəzinə, daha da parçalanmağa, təcrid edilməyə, hətta aramızda nifrətə xidmət edə bilər.

Yalnız dərin mənəvi həyat və şəxsi xristian fəzilətlərinin inkişafı bizə birliyin əsl mənasını anlamağa, sözlərimizin və münasibətlərimizin həmişə konstruktiv olmasına, cəmiyyətimizin inkişafına və xeyirinə xidmət etməyə kömək edə bilər. Burada xüsusi yer təvazökarlıq fəzilətinə məxsusdur. Bu fəzilət məhdudiyyətlərimizi, çatışmazlıqlarımızı və səhvlərimizi dərk etməyə və başqa bir insanı bütün fərqləri ilə qəbul etməyə imkan verən mənəvi gücdür.

  1. Məsih haqda birlikdə şahidlik etmək.

Həvarilərin İşləri kitabında təsvir olunan ilk Kilsədə təkcə müqəddəslər deyil, həm də günahkarlar, tez-tez səhv edən insanlar var idi. Həmin Kilsədə bağışlamaq qabiliyyəti üstünlük təşkil etdiyi üçün, eyni zamanda Allaha qarşı intizar və şəxsi müqəddəslik istəyi güclü olduğu üçün, o Kilsə dünyanı fövqəltəbii məhəbbət və iman ilə alovlandıran bir gücə çevrildi.

Allah bizi bu gün bu zamanda və bu şəraitdə yaşadır ki, Əllinci Gün möcüzəsi şəxsi həyatımızda və kiçik icmamızın həyatında təkrarlansın. Biz bütün təhqir və məyusluqlarımızı ən qısa zamanda unutalıyıq, bizi incidən hər şeyən azad olmaq üçün özümüzü Allahın şəfaverici gücünə və İsa Məsihin gücünə təslim etməliyik.

Yalnız xristian məhəbbətinin bu dərinliyi ilə biz Rəbbin Öz xalqına əlavə etmək istədiyi insanlara çata bilərik. Xeyr, bu gerçəkləşməsi mümkün olmayan bir arzu deyil. Bu, yalnız şəxsi qərarımızdan və qəti niyyətimizdən asılı olan çox real bir imkandır.

Əziz bacı və qardaşlar,

Xırda problem və çətinliklərimizin ən yaxşı çarəsi Allah yolunda şövqdür. Əgər bizdə Məsihin məhəbbəti alovlansa, o zaman şəxsi və ictimai həyatımız dəyişəcək və biz görəcəyik ki, Allah bizdə və ətrafımızda möcüzələr yarada bilər və yaratmaq istəyir, elə bu gün, burada, Bakıda, Azərbaycanda.

Qoy müqəddəs Papa II İohann Pavelin şəfaəti buna iman etmək üçün bizə təkcə bayram günlərində yox, Müqəddəs Ruhun özümüzdə və başqalarında sönməməsinə yardım etsin ki, Allahın intizarında olan çoxlu bacı və qardaşlara biz bir ənam ola bilək.

Qoy Allah hər birinizə bunun üçün xüsusi xeyir-dua və lütf bəxş etsin! Ata, Oğul və Müqəddəs Ruhun adı ilə! Amin.

Sizin yepiskop,

Vladimir

Bakı, 20 may 2022-ci il