SALEZİAN ORDENİNİN BAŞÇISI ANXEL FERNANDEZ ARTİMA KARDİNAL KİMİ İLK MÜQƏDDƏS MESASINI KEÇİRİB

Don Boskonun Salezianları Ordeninin Başçısı, Sentyabrın 30-da Papa Fransisk tərəfindən kardinal məramına yüksəldilmiş ata Anxel Fernandez Artima, oktyabrın 1-i Rəbb Günündə Romadakı İsanın Müqəddəs Ürəyi Salezian Bazilikasında kardinal kimi ilk Müqəddəs Messasını keçirib.

Ayin zamanı kardinal həzrətlərini dörd yepiskop, müxtəlif ölkələrdən gələn bir çox salesian provinsialları, baş keşişləri və Ordenin fəxri başçısı ata Paskual Çavez Villanueva müşaiyət ediblər. Messada Ordenin Baş Şurasının üzvləri,  dövlət orqanlarının və salezian dünyavi hərəkatların nümayəndələri iştirak edib.

Azərbaycanda Katolik Kilsəsinin Apostol Prefekti, yepiskop Vladimir Fekete də salezian qardaşları ilə Yevxaristiyanın sevincini  bölüşüb. Yepiskop Vladimir Azərbaycanda xidmət edən salezianlar və ölkəmizin katolikləri adından kardinal Anxel Fernandez Artima həzrətlərini təbrik edib.

Həlimlik və Allaha güvən fəzilətləri haqqında etdiyi xütbəsinin sonunda kardinal Anxel Fernandez, Salezian Ordeninin qurucusu mqd. Covanni Bosko kimi, Kilsəyə kardinal məramında xidmətini Xristianların Köməkçisi olan Məryəm Ananın şəfaətinə tapşırdı.