VƏFTİZÇİ YƏHYA KİMDİR?

Vəftizçi Yəhya kimdir?

Vəftizçi Yəhya ilk baxışdan bizə olduqca qəribə görünür: o, səhraya gedir, dəvə yunundan paltar geyinir, çəyirtkə və çöl balı ilə qidalanır. Kahin oğlu olduğu halda o tamamilə fərqli bir yol seçir. Vəftizçi Yəhya haqda Əhdi-Ətiqin peyğəmbər kitablarında oxuyuruq (“nida edənin səsi gəlir” (Yeş. 40:3); “budur, Mən Öz elçimi göndərirəm. O, önümdə yol hazırlayacaq” (Mal. 3:1) və s.). Daha sonra Mattanın nəql etdiyi Müjdədə (3:3 və 11:30) aydın bir surətdə başa düşürük ki, barəsində danışılan məhz Yəhyadır.

“O Nur deyildi, amma Nur barədə şəhadət etmək üçün gəldi”

Müjdədə deyilir ki, Yerusəlim sakinləri, bütün Yəhudeya diyarından olanlar və İordan ətrafında yaşayanlar Yəhyanın yanına gəlirdi, onlar günahlarını etiraf edərək onun tərəfindən İordan çayında vəftiz olunurdu. İnsanlar Yəhyada həqiqətən Allahı sevən və dünyəvi mükafatlara biganə olan birini görürdülər. Amma insanları Yerusəlimdən İorday çayına qədər 100 km-dən artıq məsafəni qət etməyə tək bu məcbur edirdimi? Burada başqa bir səbəb var – bu, Yəhyanın vəz etdiyi bağışlanma idi. Razılaşın, axı rahat həyat sürən insan bu cür “səyahətə” çıxmaz. Buraya gələn hər bir kəsin bağışlanmağa, ağır və iztirab verən hər şeydən azad olmağa ehtiyacı var idi. Onlar Allahın mərhəmətinin bütün günahları örtdüyünü eşitməyə, Allahın verdiyi sülhə ehtiyacları var idi. Bu İsa üçün hazırlıq yoludur – tövbə və Rəbbdə yeni bir həyat başlamaq niyyəti.

“Mən Onun heç çarığının bağını açmağa da layiq deyiləm”

Necə də itaətkar olmağa ehtiyac duyuruq! Hay-küylü çıxışlar əvəzinə bizə sadəcə itayət göstərərək vəzifəmizi qəbul edib yerinə yetirməliyik. Necə ki bunu Yəhya etdi. Bu peyğəmbərdə qeyri-adi olan həm də odur ki, onu heç bir dünyəvi şöhrət, uğur və məşhurluq cəlb etmirdi. Bir çoxları ondan “sən kimsən? peyğəmbər? İlyas? bəlkə Məsihin özüsən?”. Lakin Yəhya cavabında qətiyyətlə “yox” deyir və Məsihə işarə edir. Allah Vəftizçi Yəhyanı göndərdiyi kimi, biz də Allah tərəfindən nur haqda şahidlik etmək üçün çağırılmışıq. Yox, bunun üçün səhraya köçmək lazım deyil. İmanımızın necə olduğu, imanın ifadəsinin necə göründüyü və ətrafımızdakıları necə ruhlandırdığı barədə düşünməyimiz kifayətdir.

“Tərəddüd elementi”: Gəlməli olan sənsənmi?

Tərəddün içində olanda nə edirik? Dua etməyi, Bibliya oxumağı, qardaş və bacılarla ünsiyyət qurmağı dayandırırıq, bir sözlə – bütün qapıları kilidləyirik. Bu zaman bizə Yəhyanın şübhələrindən bəhs edən Müqəddəs yazının bir hissəsi ümid verə bilər. Yeşaya peyğəmbərin dediyi sözləri (Rəbb padşahları heç edər, dünya hökmdarlarını heçə endirər) yada salaraq, Yəhya özü özünə sual verir: axı niyə bunlar baş vermir? Bəlkə İsa heç Məsih deyil? Simvolikdir ki, bu tərəddüdlər Yəhyanı zindanda olan zaman yaxalayır. Təklikdə suallar daha böyük, daha çarəsiz görünür. Amma görün Yəhya imanı sarsılanda nə edir? O suallarına cavab tapmaq üçün İsaya müraciət edir. O İsaya ki, onu ittiham etdmir, günahlandırmır. Əksinə, səbr və sevgi ilə ona əslində kim olduğunu göstərir, bununla da tərəddüdünü aşmağa kömək edir. Biz də tərəddüd içində olanda bu qərarı verməliyik – diqqətimizi İsaya yönəltməliyik.

Gəlin Vəftizçi Yəhyanın həyatını bu gün bizə nə öyrətdiyini düşünək. Qoy bu düşüncələr bizə ürəklərimizi İsa Məsihin gəlişinə hazırlamağa, həyatımızda “indi Ona böyümək, mənə kiçilmək gərəkdir” sözlərini əks etdirməyə kömək etsin.

 

Afət Əfəndiyeva