“VƏTƏN VƏ İMAN” KİTABININ TƏQDİMATI

Noyabrın 4-də Qafqaz Müsəlmanları İdarəsində (QMİ) “Vətən və İman” kitabının təqdimat mərasimi keçirilib.

Kitab QMİ sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi Azərbaycan ruhanilərinin ölkəmizdə sülh uğrunda, dinlərarası və etnik həmrəyliyin qorunması üçün mübarizəsindən bəhs edir.

Nəşrdə Azərbaycanın dini və etnik icmaları nümayəndələrinin – müsəlman, xristian və yəhudilərin Birinci Qarabağ və Vətən müharibələri zamanı Azərbaycanın çoxmillətli və çoxkonfessiyalı cəmiyyətinin birlik və həmrəyliyinin təmin ediləmsi işinə və möhkəmləndirilməsinə verdiyi əhəmiyyətli töhfələri də öz əksini tapmışdır.

Təqdimat mərasimində iştirak edən Azərbaycanda Katolik Kilsəsinin Apostol prefekti, yepiskop Vladimir Fekete ilk növbədə dəvətə görə Şeyxülislam Allahşükür Paşazadəyə minnətdarlığını bildirib.

Monsenyor Fekete öz nitqində “Vətən və İman” kitabının gələcək nəsillərə Azərbaycanın ən yeni tarixinin öyrənilməsində yardımçı olacağını qeyd etdi. Yepiskop Fekete başda Prezident İlham Əliyev olmaqla Azərbaycan rəhbərliyinin ənənəvi dəyərlərin, o cümlədən tolerantlığın və multikulturalizmin qorunmasına verdiyi önəmi xüsusi qeyd edərək vurğulamışdır ki, əsl iman insanı yaxşı vətəndaş olmağa və Vətəninə şərəflə xidmət etməyə sövq edir.