VATİKANIN “BAMBİNO GESU” XƏSTƏXANASININ NÜMAYƏNDƏ HEYƏTİ MÜQƏDDƏS MƏRYƏM KİLSƏSİNİ ZİYARƏT EDİB

Mayın 13-də ölkəmizdə səfərdə olan Vatikanın “Bambino Gesù” (“Körpə İsa”) Pediatrik Xəstəxanası prezidentı Titsiano Onestinin rəhbərlik etdiyi nümayəndə heyəti Müqəddəs Məryəm katolik kilsəsini ziyarət edib. Qonaqları Azərbaycanın apostol prefekti yepiskop Vladimir Fekete qarşılayıb.

Görüş zamanı yepiskop Vladimir Fekete qonaqlara Azərbaycandakı katolik icmasının tarixi və həyatı, dini qurumlara, o cümlədən Katolik Kilsəsinin Apostol Prefekturasına göstərilən dövlət qayğısı, Azərbaycan–Müqəddəs Taxt-Tac münasibətlərinin tarixi və inkişafı, eləcə də ölkəmizdə dinlərarası münasibətlərin yüksək səviyyəsi barədə geniş məlumat verib. Titsiano Onesti isə öz növbəsində görüş imkanı üçün təşəkkürünü bildirərək qeyd edib ki, xəstəxanının nümayəndə heyətinin Azərbaycana səfəri 2025-ci ildə Heydər Əliyev Fondu ilə xəstəxana arasında imzalanmış memorandum çərçivəsində Azərbaycanın səhiyyə qurumları ilə əməkdaşlığın növbəti mərhələsini təşkil edir.

Görüşün sonunda Titsiano Onesti Vladimir Feketeyə “Bambino Gesù” xəstəxanasında müalicə alan uşaqlar tərəfindən hazırlanmış xatirə rəsmini hədiyyə edib.