XOCALI FACİƏSİNİN 30-CU İLDÖNÜMÜNƏ HƏSR EDİLMİŞ ANIM TƏDBİRİ
Fevralın 22-də şeyxülislam Allahşükür Paşazadənin sədrliyi ilə Qafqaz Müsəlmanları İdarəsində Xocalı faciəsinin 30-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Məlum olduğu kimi, 1992-ci il fevralın 26-da birinci Qarabağ müharibəsi zamanı işğalçıdan xilas olmağa çalışan dinc əhalinin kolonnası atəşə tutulub, nəticədə yüzlərlə insan, o cümlədən çoxlu sayda qadın, uşaq və qoca öldürülmüşdür.Tədbirdə Azərbaycanda Katolik Kilsəsinin apostol prefekti yepiskop Vladimir Fekete çıxış edib. Vladimir Fekete həzrətləri çıxışında vurğuladı ki, “…mülki əhaliyə qarşı hərbi cinayətlər hər zaman və hər yerdə birmənalı şəkildə pislənməlidir, dünyada bununla bağlı ikili standartlar ola bilməz və olmamalıdır, çünki ikili standartlar sistemi, eləcə də dünya ictimaiyyətinin laqeydliyi müharibə cinayətkarlarında, terrorçularda cəzasızlıq hissi yaradır…”
“Xocalıda nifrət hədəfinə məhz dinc sakinlər çevrilmişdir və bu hal Azərbaycan xalqının qəlbində haqlı olaraq həm ağrı, həm də hiddət doğurur, lakin Azərbaycan ərazilərinin uzunmüddətli işğaldan azad olunması keşmişin bütün yaralarının sağalmasına, bölgəmizdə dayanaqlı sülhün qurulmasına imkan yaradır. Allah Azərbaycanı qorusun!” sonda monsenyor Fekete dedi.Tədbirdə həmçinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası İdarəsinin katibi arximandrit Aleksi (Nikonorov), Dağ Yəhudiləri icmasının rəhbəri Milix Evdayev, Avropa Yəhudiləri icmasının sədri Aleksandr Şarovski, Alban-Udi xristian icmalarının sədri Robert Mobili, Xocalı ictimaiyyətinin nümayəndələri iştirak edib.