YAĞLARIN TƏQDİSEDİLMƏSİ MESSASI – MÜQƏDDƏS HƏFTƏ – 2023
Aprelin 5-də, Böyük Çərşənbə günü, Azərbaycanda Katolik Kilsəsinin apostol prefekti, yepiskop Vladimir Fekete həzrətləri Bakı şəhərinin Müqəddəs Məryəm katolik kilsəsində Yağların Təqdisedilməsi Messasına başçılıq edib və Messa zamanı Məshetmə və Xəstələrə Yağçəkmə Sirrli Ayinlərdə, eləcə də katexumenenata qəbul ayinlərində istifadə ediləcək ətirli yağları təqdis edib. İbadət zamanı yepiskop Vladimir Fekete həzrətlərini Azərbaycanın Apostol Prefekturasının bütün ruhaniləri müşaiyət edib. Bu yepiskopun Yerli Kilsə başçısı kimi ölkənin bütün katolik ruhaniləri və eləcə də bütün imanlıları ilə birliyinin rəmzidir.
Qədim katolik ənənəsinə görə, həmin gün Yerli Kilsənin bütün ruhaniləri öz yepiskopları və bütün imanlılar cəmiyyəti qarşısında keşişlik əhdlərini yeniləyiblər.



































